"Antiterror əməliyyatı Azərbaycanın suverenliyini tam bərpa etdi" - EKSPERT ŞƏRH ETDİ
"2023-cü ilin sentyabr ayında həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı Azərbaycan dövlətçiliyi tarixində mühüm mərhələ kimi yadda qaldı. Bu əməliyyat təkcə separatçı silahlı qrupların zərərsizləşdirilməsi ilə məhdudlaşmadı, həm də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində dövlət suverenliyinin tam bərpasını təmin etdi". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, bu səbəbdən əməliyyatı “lokal xarakterli antiterror əməliyyatı” ilə yanaşı, “Azərbaycanın dövlət suverenliyinin tam bərpası əməliyyatı” kimi təqdim etmək tarixi və siyasi baxımdan daha doğru və ədalətli yanaşmadır: "İlk növbədə, bu əməliyyat Azərbaycanın daxili işlərinə aid olan bir məsələ idi. Dövlət öz ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətini dayandırmaq və konstitusiya quruluşunu bərpa etmək hüququna malikdir. Beləliklə, əməliyyat həm beynəlxalq hüquq normalarına tam uyğun idi, həm də Azərbaycanın milli maraqlarını qorumaq baxımından zəruri addım idi. Digər tərəfdən, əməliyyat nəticəsində Qarabağda suveren idarəetmə bərpa olundu. Bu isə ölkənin vahid hüquqi, siyasi və inzibati məkanının formalaşması baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycanın konstitusiya quruluşunun bütün ərazilərdə təmin edilməsi dövlətin möhkəmliyini, milli birliyini və siyasi sabitliyini daha da gücləndirdi. Əlavə olaraq, bu əməliyyat regionda yeni geosiyasi reallıq yaratdı.
Azərbaycanın sərhədləri daxilində separatizmin və qeyri-qanuni silahlı fəaliyyətin tamamilə aradan qaldırılması regional təhlükəsizliyə müsbət təsir göstərdi. Bu, həm də sülh prosesinə yeni imkanlar açaraq, bölgədə uzunmüddətli sabitlik üçün əsaslı zəmin formalaşdırdı. Sentyabr əməliyyatını yalnız “lokal antiterror əməliyyatı” kimi deyil, eyni zamanda “Azərbaycanın dövlət suverenliyinin tam bərpası əməliyyatı” kimi təqdim etmək onun mahiyyətini daha dolğun əks etdirir. Bu, həm tarixi yaddaşın düzgün formalaşdırılması, həm də gələcək nəsillərə dövlətçilik ənənələrinin aydın şəkildə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir".
Bütün xəbərlər Facebook səhifəmizdə