Bakıda “makler tələsi”nə düşənlər...

Son günlər sənədsiz evlərlə bağlı yaranan problemlər əslində neçə illərdir ki, bölgələrdən işləmək üçün Bakıya axın edən insanların rastlaşdıqları ən aktual məsələdir. Xüsusilə nəzərə alsaq ki, hazırda Bakının yarıdan çox hissəsində mülkiyyətin çıxarışı yoxdur, tam əksəriyyət artıq heç bir hüquqi qüvvəsi olmayan “bələdiyyə qiymətləndirməsi” kimi lazımsız kağız parçası ilə təsəlli tapır, o zaman vəziyyətin mürəkkəbliyi daha geniş aydın olur.

Düzdür, artıq bir sıra sənədsiz evlərin sənədləşdirilməsi prosesinə başlanılıb, bu proses insanlarda ümid doğurur. Lakin bu prosesdə hansı sənədsiz evlər, hansı kriteriyalar əsas götürülür? – bax, əsas məsələ budur. Dediyim kimi, tam əksəriyyət sənədsiz evlər “bələdiyyə qiymətləndirməsi”, ən yaxşı halda isə “texpasport” deyilən sənəddən ibarətdir. Lakin günün aktual məsələsi harada gəldi ev tikən, icazəsi, sənədi olmayan “makler evləri”nin insanlara ucdantutma satılmasıdır. Harada gəldi tikirlər – o zaman qaçqınlar üçün nəzərdə tutulmuş yataqxana ərazilərində, təhlükəli cərəyan altında, strateji dövlət müəssisələrinin balansında olan ərazilərdə...
Bəs bu “makler” şəbəkəsinin günün günorta çağı Bakı və ətraf ərazilərdə ucaltdıqları, amma heç bir tikinti normasına uyğun gəlməyən, gec-tez sonda buldozerin ağzına veriləcək belə evlərin inşasına kimlər “göz yumurlar”, nəyin müqabilində?
Bu gün acı da olsa reallıq odur ki, insanlar bölgələrdəki sosial problemlərdən qaçıb Bakıda daha stabil qazanc yeri əldə etmək, “ağ günə” çıxmaq üçün paytaxta axın edirlər. Bu zaman ucuz evlərə hədsiz tələbat yaranır və fırıldaqçı əmlak vasitəçiləri heç bir sənədi olmayan, yalnız kommunal xətlərin olduğu kiçik evləri bazara çıxarırlar. Əlində cüzi vəsait olan insanlar da şirniklənib bu fırıldaqçı “maklerlərin” toruna düşürlər. Yuxarıda da qeyd etdiyim kimi, hazırda sənədsiz evlər problemi Bakı və Abşeron ərazisində getdikcə aktual sosial problem halını almaqdadır.
Bu məsələ olduqca təhlükəli sosial problemdir və dövlət qurumları bu məsələyə olduqca həssas yanaşmalıdırlar. Əlbəttə, neft ərazilərində, dəmir yollarının qırağında tikilən gecəqonduları qanunsuzdur və qəbuledilməzdir. Lakin sual olunur ki, bu boyda evlər kimin icazəsi ilə tikilib? Bunlar tikiləndə icra hakimiyyətləri, müvafiq qurumlar harada “mürgüləyirdilər”? İndi bir çox ərazilərdə “makler”lər qanunsuz tikililər ucaldırlar. Bunlara kim icazə verir?
Gör vəziyyət nə həddə çatıb ki, su, qaz, işıq sayğacları olan evlər az qala çıxarış səviyyəsində qəbul edilir. İnsanlar anlamırlar ki, bu kommunal sayğaclar evin sənədləşməsi üçün heç bir əsas ya da təsir vasitəsi deyil. Həmin sayğaclar istənilən vaxt ləğv oluna bilər. O zaman yerdə acınacaqlı mənzərə yaranacaq: torpağın sənədi yox, evin sənədi yox – sadəcə, qanunsuz tikili, vəssalam!
Hamımıza gün kimi aydındır ki, bu gün qanuni həyət evinin hasarına bir cərgə artırmaq istəsən, yüz qurumdan tökülüb gələcəklər. Bəs bu “maklerlər”ə kim “yaşıl işıq” yandırıb ki, ucdantutma evlər tikib əhalini tora salsınlar? Xüsusilə bu problem Bakının əksər rayonları və Xırdalan ərazisində daha qabarıq hiss olunur. Əlbəttə, iş yeri tapmaq, Bakıda daha yaxşı sosial həyat qurmaq üçün isanlar paytaxta axışırlar, burası bəllidir. Bəs çarə nədir, sənədsiz evləri, gecəqonduların qarşısını necə almaq olar?
Şəxsən mən düşünürəm ki, bölgələrdə formal deyil həqiqi, gerçək, hər bir kəndlinin maddi-sosial həyatına firavanlıq gətirəcək, kənd təsərrüfatını ayağa qaldıracaq olduqca mühüm dövlət proqramına ehtiyac var. Elə bir proqram ki, güclü işlək mexanizmi olsun, kəndlinin yaşayışına təsir etsin, əkib-becərdiyi məhsulun qazancına sevinsin. Kəndli əkib-becərdiyinə görə peşiman olmasın, zəhmətinin gerçək qazancını görsün. Yerlərdə icra məmurlarının, bürokratik əngəllərin yaxın dura bilməyəcəyi dövlət proqramı olduqca aktual və vacib məsələdir.
Mən bu qənaətdəyəm ki, bölgələrdə daimi və gəlirli iş yerləri açılmasa, kənd təsərrüfatının inkişafı üçün konkret tədbirlər görülməsə, Bakıya axın davam edəcək və bu da o deməkdir ki, Bakıda sənədsiz, qanunsuz tikilələrin ard-arası kəsilməyəcək. Çarə problemin nəticələrini deyil, əsl SƏBƏBİNİ tapmaqdır. Nəticə səbəbdən doğduğu üçün...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə