Qarabağ regionu üzrə təhsil işçilərinin sentyabr konfransının ilk günü Füzulidə keçirilib - FOTOLAR
Sentyabrın 4-də Qarabağ Regional Təhsil İdarəsi üzrə ənənəvi hesabat xarakterli sentyabr konfransı Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə keçirilib.
Konfransların əsas məqsədi ümumi təhsilin inkişaf istiqamətlərini və qarşıda duran strateji hədəfləri müəyyənləşdirmək, eyni zamanda, 2025–2026-cı tədris ili üçün fəaliyyət planını formalaşdırmaqdan ibarətdir. Həmçinin konfrans zamanı ötən tədris ilinin nəticələri təhlil olunur və əldə olunan nəticələr dəyərləndirilir. Regional İdarədən SİA-ya verilən məlumata görə, tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, idarənin əməkdaşları və ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Konfransın gündəliyində rəqəmsal bacarıqların artırılması, dərsə davamiyyətin yüksəldilməsi, inklüziv və fərdi yanaşmaların gücləndirilməsi, oxuyub-anlama və riyazi təfəkkürün inkişafı, valideyn iştirakının təlim-tərbiyə prosesində rolunun artırılması kimi mövzulara xüsusi önəm verilib. Qeyd edək ki, sentyabr konfransları iştirakçılar üçün fikir mübadiləsi aparmaq, qabaqcıl təcrübələri paylaşmaq və aktual təhsil çağırışlarına uyğun olaraq vahid yanaşmalar formalaşdırmaq baxımından mühüm platforma rolunu oynayır.
Bütün xəbərlər Facebook səhifəmizdə