Paytaxtın təhsil işçilərinin sentyabr konfransı keçirilib - FOTOLAR

Sentyabrın 4-də Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib. BŞTİ-dən SİA-ya bildirilib ki, konfrans Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Konfransda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova 2024-2025-ci tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərin fəaliyyət istiqamətləri üzrə hesabat məruzəsi ilə çıxış edib, əldə olunan nəticələrin müqayisəli təhlilini diqqətə çatdırıb.

İdarə müdiri mövcud problemlər və onların həlli istiqamətində atılan addımlardan söz açıb, yeni tədris ilinin əsas hədəflərindən bəhs edib. O bildirib ki, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilalanlara rəqəmsal biliklərin daha dərindən aşılanması, həmçinin dərsə davamiyyətin yüksəldilməsi, inklüziv və fərdi yanaşmaların gücləndirilməsi, oxuyub-anlama və riyazi təfəkkürün inkişafı, təlim-tərbiyə prosesində valideynlərin rolunun artırılması və digər istiqamətlər qarşıda duran əsas məqsədlərdəndir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Rəqəmsal idarəetmə sektorunun müdiri Fidan Nəcəfova yeni tədris ilinin hədəflərindən, “Rəqəmsal məktəb platforması”nın təhsil iştirakçılarına qazandırdığı üstünlüklərdən danışıb və platforma üzrə son vəziyyət barədə məlumat verib. O, platformanın işinə dəstək məqsədilə məktəb rəhbərləri üçün təlim və seminarların təşkili olunacağını vurğulayıb.

Konfrans dəyirmi masa müzakirələri ilə davam edib. Müzakirələr zamanı keyfiyyət göstəriciləri və mövcud problemlər barədə söhbət açılıb, iştirakçıların fikir və tövsiyələri dinlənilib, onları maraqlandıran suallara cavab verilib.

Konfrans işini sabah davam etdirəcək.

Müxtəlif peşəkar meyarlar əsasında seçilmiş fənn müəllimləri ilə keçiriləcək görüşlər panel müzakirələr formatında təşkil olunacaq, fəaliyyət planı və təkliflər paketi hazırlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə