"Yeni razılaşmalar münasibətlərin gələcəyini möhkəmləndirə bilər" - ŞƏRH EDİLDİ

"Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasındakı əlaqələr həm siyasi, həm də iqtisadi aspektdən çoxşaxəli xarakter daşıyır və qarşılıqlı maraqlara əsaslanır". Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Onun sözlərinə görə, hazırda tərəflər arasında münasibətlərin əsas istiqamətlərini enerji əməkdaşlığı, ticarət, nəqliyyat-logistika, təhlükəsizlik, insan hüquqları və mədəni-humanitar sahələr təşkil edir: "Ən mühüm istiqamət enerji sektorudur. Azərbaycan “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropaya qaz ixrac edir və bu, Aİ üçün enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edir. Xüsusən Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan Avropanın enerji diversifikasiyasında əsas tərəfdaşlardan birinə çevrilib. Bununla yanaşı, bərpa olunan enerji sahəsində də əməkdaşlıq genişlənməkdədir. Ticarət və iqtisadi münasibətlər də sürətlə inkişaf edir. Aİ Azərbaycanın ən iri ticarət tərəfdaşıdır və ixracın böyük hissəsi Avropa bazarına yönəlir. Bakı isə Avropa üçün həm enerji, həm də Orta Dəhliz üzərindən tranzit imkanlarını artırmaqla regional logistika mərkəzi rolunu gücləndirməyə çalışır.

Siyasi münasibətlərdə qarşılıqlı dialoq mövcud olsa da, bəzən insan hüquqları və demokratik islahatlarla bağlı Aİ-nin tənqidçi yanaşması diqqət çəkir. Bununla belə, tərəflər qarşılıqlı maraqlar əsasında dialoqu davam etdirirlər. Azərbaycan üçün Aİ ilə yaxınlıq beynəlxalq arenada balans siyasətinin tərkib hissəsi, Avropa üçün isə Cənubi Qafqazda sabitliyin təminatı baxımından önəmlidir. Nəticə etibarilə, Azərbaycan - Aİ münasibətlərinin hazırkı vəziyyəti praqmatik əməkdaşlıq üzərində qurulub. Enerji və nəqliyyat sahələri əsas istiqamətlər olsa da, qarşılıqlı etimadın gücləndirilməsi və yeni razılaşmalar münasibətlərin gələcəyini daha da möhkəmləndirə bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə