Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaradılmasından 33 il ötür

Bu gün BMT-nin əsas məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) yaranmasından 33 il keçir. BAMF 1992-ci il sentyabrın 4-də müstəqil beynəlxalq qeyri-hökumət təşkilatı olaraq dövlət qeydiyyatına alınıb. BAMF media və vətəndaş cəmiyyətinin inkişafı, sülhməramlı aksiyalar və münaqişələrin həlli, qaçqın və məcburi köçkünlərlə iş, icmaların inkişafı və təhsil istiqamətlərində fəaliyyət göstərir. 1992-ci ildən fəaliyyət göstərən Fond medianın inkişafına, jurnalistlərin peşəkarlığının artırılmasına və informasiya şəffaflığının təşviqinə mühüm töhfələr verib. SİA xəbər verir ki, təşkilat öz statusundan istifadə edərək müxtəlif istiqamətlərdə, xüsusilə Azərbaycanın tarixi reallıqlarının çatdırılması ilə bağlı BMT-nin Cenevrə, Nyu-York, Vyana ofislərində və digər nüfuzlu beynəlxalq auditoriyalarda mütəmadi olaraq silsilə tədbirlər, paralel sessiyalar keçirir. BAMF-ın 33 illik fəaliyyətinin əsas hissəsi müharibədən zərərçəkmiş və işğaldan azad olunmuş regionlara səfirlərin, xarici diplomatların, jurnalistlərin, tələbələrin səfərlərinin təşkili, orada yaşayan qaçqın və məcburi köçkünlərin diqqətdə saxlanılması, sosial-humanitar layihələrin icrası və sair olub.

BAMF BMT qurumları, Avropa Komissiyası, Amerikanın Dövlət Departamenti, Dünya Bankı, Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE), Beynəlxalq Mətbuat İnstitutu (BMİ), Beynəlxalq Sülh Bürosu, Beynəlxalq Jurnalistlər Federasiyası kimi beynəlxalq nüfuzlu təşkilatlarla, bir sıra xarici ölkələrin Azərbaycandakı səfirlikləri, nazirliklər, agentliklər, eləcə də regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə