Vüqar VƏLİYEV

Son illər Azərbaycanda yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün müxtəlif tədbirlər görülür. Bu tədbirlər çərçivəsində yollarda radar və kameraların da sayı artırılır, sürət həddi aşağı salınır. Təbii ki, dəyişikliklərin əsas məqsədi insan həyatını qorumaq, qəzaların sayını azaltmaqdır.

Amma nəticə istənilən kimi deyil. Müxtəlif tədbirlərə baxmayaraq, yol qəzalarının sayı azalmaq əvəzinə artır. Bu isə sual doğurur: niyə radarlar və aşağı sürət hədii qəzaların qarşısını ala bilmir?

Görünən və görünməyən səbəblər

Son bir neçə dəfə rayona səfərim zamanı yollarda fərq etdiklərimi dəyərli oxucuların da diqqətinə çatdırmaq istəyirəm. Sürət həddinin normadan xeyli aşağı salınması, xüsusilə uzunməsafəli sürüşlər zamanı sürücülərdə yorğunluq, diqqət azalması və yuxulama hallarına səbəb olur. Sürücü eyni tempdə, monoton sürətlə uzun məsafə qət etdikdə, orqanizm avtomatik olaraq "istirahət rejiminə" keçir. Bu da bəzən ağır qəzalara səbəb olur.

Sürət həddi nəzərəçarpacaq dərəcədə aşağı salındıqda, bəzi sürücülərdə səbr tükənir və psixoloji gərginlik yaranır. Bu səbəbdən ani və təhlükəli manevrlər baş verir - bir sözlə, qəzaya şərait yaranır.

Əgər bu sistemin məqsədi təhlükəsizlikdirsə, o zaman sürücünün psixoloji və fiziki rahatlığı da nəzərə alınmalıdır. Yalnız radarların sayını artırmaqla və ya sürəti azaltmaqla bu problem öz həllini tapa bilməz.

Heç kim bilərəkdən ölümə getmir...

Hər bir sürücünün məqsədi evinə, ailəsinə sağ-salamat çatmaqdır. Heç kim bilərəkdən qəza törətmir. Amma bəzən sistemin quruluşu, yol şəraiti və texniki yanaşmalar insan faktorunu tam nəzərə almadan tənzimlənir. Bu zaman da insan səhvi ilə sistem boşluğu üst-üstə düşür və faciə baş verir.

Tədbirlər niyə nəticə vermir?

Radarlar və kameralar sadəcə, texniki nəzarət vasitələridir. Amma qəzanın baş vermə səbəbi bəzən texniki yox, psixoloji, fiziki və ya infrastrukturla bağlı olur. Misal üçün:

1) Pis yol işarələnməsi

2) Keyfiyyətsiz asfalt örtüyü

3) Qaranlıq və təhlükəli virajlar

4) Piyada keçidlərinin olmaması

5) Sürücü yorğunluğu və ya stress altında idarə etmə.

Bu amillər radarın və ya cərimənin qarşısını ala bilmədiyi risklərdir. Belə olan halda, texnoloji tədbirlərin təkbaşına qəzanın qarşısını alması qeyri-mümkündür.

Nə etməli?

Əgər doğrudan da məqsəd qəzaları azaltmaqdırsa, o zaman yanaşma yalnız cərimə və nəzarət üzərində qurulmamalıdır. Təhlükəsizlik üçün aşağıdakı addımlar vacibdir:

1. Sürət həddi real vəziyyətə uyğun təyin olunmalıdır. 110 km/saatlıq magistralda qəfildən 60 km/saat qoymaq əks-effekt verir.

2. Radarlar və kameralar strategiya ilə yerləşdirilməlidir. Cərimə tələsi kimi yox, təhlükəli sahələrdə xəbərdarlıq məqsədilə.

3. Yolların keyfiyyəti artırılmalı, nişanlama və işıqlandırma sistemi yenilənməlidir.

4. Uzun məsafə qət edən sürücülər üçün dayanacaq və istirahət zonaları artırılmalıdır.

5. Sürücülər arasında maarifləndirici işlər aparılmalı, psixoloji dəstək sistemi formalaşdırılmalıdır.

Nəticə

Radarlar, kameralar və cərimə sistemləri yol hərəkəti təhlükəsizliyi üçün mühüm vasitədir. Amma bu vasitələr böyük bir sistemin yalnız kiçik bir hissəsidir. Əsas məsələ sürücünün rahatlığı, diqqətinin dağılmaması və yolun psixoloji təhlükəsizliyidir.

Qəzaların qarşısını almaq üçün sadəcə, qayda qoymaq yox, insanı anlamaq və düşünmək lazımdır. Nə radar, nə də cərimə insan həyatını qorumaqda yetərli olmaya bilər…

Bütün xəbərlər Facebook səhifəmizdə