Azərbaycana külli miqdarda narkotik keçirməyə cəhd göstərən qaçaqmalçılar saxlanılıb - BİRGƏ MƏLUMAT/VİDEO

Azərbaycanın dövlət sərhədini pozmaqla Xəzər dənizindən ölkə ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrupun üzvləri saxlanılıb. SİA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğunun birgə məlumatında bildirilib.

Belə ki, sentyabr ayının 4-də saat 00:25-də Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında – Neftçala rayonu istiqamətində sürətlə hərəkət edən naməlum üzmə vasitəsi müşahidə olunub. Sərhəd gəmiləri tərəfindən dərhal təqibetmə əməliyyatı həyata keçirilərək sahil xəttinin qapadılması üzrə zəruri tədbirlər görülüb.

Keçirilmiş əməliyyat-axtarış və təqibetmə tədbirləri zamanı sərhəd gəmisinin işıq və səs siqnallarından istifadə edilməklə "Dayan" komandası verilərək xəbərdarlıq atəşi açılsa da, sərhəd pozucuları Azərbaycanın ərazi sularını tərk etməyə cəhd göstərdiyindən onların saxlanılması məqsədi ilə üzmə vasitəsinin mühərrik hissəsi hədəfə alınmaqla atəş açılıb.

Üzmə vasitəsində baş vermiş yanğın səbəbilə hər iki şəxs bağlamalarla birlikdə özlərini dənizə atsa da, keçirilən xilasetmə tədbirləri nəticəsində sərhəd pozucuları sudan çıxarılaraq yaralıya ilkin tibbi yardım göstərilən, "Yamaha-200" markalı "Layner" tipli üzmə vasitəsində baş vermiş yanğın söndürülən, dənizə atılmış bağlamada isə ümumi çəkisi 11 kiloqram 850 qram narkotik vasitə aşkarlanaraq götürülüb.

İlkin araşdırma nəticəsində sərhəd pozucularının İran İslam Respublikası vətəndaşları – 1994-cü il təvəllüdlü Qulreza Cavad Alireza və 1996-cı il təvəllüdlü Bordbar Milad Mansur olduqları müəyyən edilib.

Fakt üzrə Dövlət Sərhəd Xidmətində 04.09.2025-ci tarixdə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluqla birgə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə