Gənclər və əcnəbi ilə ailə: Yenilik və ənənə arasında gərginlik - SOSİOLOQ AÇIQLADI

Gənclər arasında əcnəbi ilə ailə qurmaq getdikcə daha geniş yayılır və onlar üçün artıq bu, təbii, normal bir hal kimi qəbul olunur. Qlobal dünyanın imkanları, fərqli mədəniyyətlərlə tanışlıq və şəxsiyyət azadlığı gənclərin seçimində əsas rol oynayır. Lakin təəssüf ki, cəmiyyətimizin bir hissəsi hələ də bu dəyişiklikləri tam mənimsəyə bilmir və belə ailələrə, loru dildə desək, mənfi yanaşır.

Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev SİA-ya açıqlamasında bildirib ki, Azərbaycan cəmiyyəti uzun illər ərzində ənənəvi dəyərlərə və stereotiplərə əsaslanıb. Bu ənənəvi baxışlar xüsusilə ailə qurmaq məsələsində özünü daha qabarıq şəkildə göstərib.

Onun sözlərinə görə, əcnəbilərlə evlilik mövzusu da buna görə həmişə diqqət mərkəzində olub və sosial mühitdə birmənalı qarşılanmayıb:

"SSRİ dövründə bu məsələ daha da mürəkkəb idi, çünki həmin dövrdə milli kimlik və mədəni fərqliliklər daha qabarıq idi və insanlar adətən öz etnik və milli qrupları daxilində ailə qurmağa üstünlük verirdilər. Xarici vətəndaşlarla evlilik məsələsi həm sosial, həm də hüquqi maneələrlə üzləşirdi və buna görə də belə evliliklər çox nadir hallarda baş verirdi. Lakin Azərbaycan müstəqillik qazandıqdan və qlobal dünyaya daha açıq olduqdan sonra insanların dünyagörüşü də genişlənməyə başladı. Xaricdə təhsil alan, işləyən və ya sadəcə müxtəlif ölkələrdən olan insanlarla tanışlıq imkanları artdı. Bunun nəticəsində də, əcnəbilərlə ailə quranların sayı əhəmiyyətli dərəcədə artdı. Bu, təbii ki, insanların seçim azadlığından irəli gələn müsbət bir tendensiyadır. Hər kəs öz xoşbəxtliyini axtararkən sərhədlər və millət fərqləri önəmli olmamalıdır. Sevgi və qarşılıqlı hörmət əsasında qurulan ailələr cəmiyyət üçün dəyərli və sağlam nümunədir. Lakin təəssüf ki, bəzi şəxslər bu prosesi başqa məqsədlər üçün istifadə edirlər. Məsələn, xaricdən oturum almaq və ya başqa hüquqi üstünlüklər qazanmaq üçün məqsədli şəkildə belə evliliklərə əl atırlar. Bu cür hallar cəmiyyətin və dövlətin diqqət mərkəzində olmalı, qanunvericilik və sosial nəzarət gücləndirilməlidir ki, qanunsuz evliliklərin qarşısı alınsın və həqiqi sevgi üzərində qurulan ailələr dəstəklənsin. Digər tərəfdən, Azərbaycan daxilində belə, bölgələrarası evliliklər də əvvəllər stereotiplərlə qarşılanırdı. Məsələn, paytaxtla bölgələr, müxtəlif etnik və mədəni qruplar arasında evliliklər bəzən ictimai təzyiqlərlə üzləşirdi. Bu da cəmiyyətin birlik və müxtəliflik arasında balans tapmaqda müəyyən çətinliklərinin olduğunu göstərirdi. Lakin indiki dövrdə belə baxışlar da dəyişməkdədir. İnsanlar daha çox şəxsi xoşbəxtlik və qarşılıqlı hörmət üzərində qurulan münasibətləri önə çəkir.

Əlbəttə ki, Azərbaycan kimi çoxmədəniyyətli və tarixi köklərə malik ölkədə, genofondun qorunması da önəmlidir. Eyni zamanda milli dəyərlərin və ənənələrin yaşadılması üçün azərbaycanlıların bir-biri ilə ailə qurması vacibdir. Bu, həm də milli kimliyin gücləndirilməsi və mədəni dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyət kəsb edir. Lakin bu, insanların seçim azadlığına və şəxsiyyət hüquqlarına müdaxilə edilməməli, sevgi və hörmət kimi universal dəyərlər ön planda tutulmalıdır. Ümumiyyətlə, müasir cəmiyyətdə ən vacib olan amil insanların xoşbəxtliyi və azad seçimidir. Əcnəbilərlə evlilik, bölgələrarası münasibətlər, milli və mədəni fərqliliklər - bunlar bütünlükdə cəmiyyətin zənginliyini və müxtəlifliyini göstərən elementlərdir. Azərbaycan da bu zənginliyi qoruyub saxlayaraq, həm milli dəyərlərinə sadiq qalmalı, həm də qlobal dünyaya açıq olmağı bacarmalıdır. Bu balansın qurulması gələcək nəsillərin həm milli köklərinə bağlı, həm də dünyaya inteqrasiya olmuş fərdlər kimi yetişməsinə şərait yaradacaq".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə