Yeni tədris ili yaxınlaşır: Məktəblərdə hazırlıqlar hansı mərhələdədir? - EKSPERT RƏYLƏRİ
Yeni tədris ilinin başlanmasına az vaxt qalması valideynlər, müəllimlər və şagirdlər üçün həm həyəcan, həm də məsuliyyət dövrüdür. Məktəblərdə hazırlıqlar təkcə dərsliklərin və sinif otaqlarının təşkili ilə məhdudlaşmır, eyni zamanda müəllim heyətinin planlaşdırılması, tədris proqramlarının yenilənməsi və tələbələrin qəbul prosesi kimi bir çox aspektləri əhatə edir. Bu mərhələdə düzgün və vaxtında hazırlıq həm təhsil prosesinin səmərəliliyinə, həm də şagirdlərin yeni tədris ilinə adaptasiyasına birbaşa təsir göstərir. Bəs məktəblərdə hazırlıqlar hazırda hansı səviyyədədir və qarşıdakı tədris ilinə hazırlaşmaq üçün hansı addımlar atılır? SİA mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov və təhsil eksperti Elşən Qafarovin fikirlərini öyrənib.
Yeni tədris ilinə az müddət qalmasına baxmayaraq hazırlıq işlərinin hansı mərhələdə olması ilə bağlı suallar hələ də açıq qalır deyə təhsil eksperti Kamran Əsədov qeyd edir: "Ənənəvi olaraq dərslərin başlanmasına sayılı günlər qalmış məktəblərdə təmir işlərinin yarımçıq qalması, dərsliklərin vaxtında paylanmaması, müəllim bölgüsünün tam başa çatmaması və valideynlərin narahatlığı təkrarlanan problemlərə çevrilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə ümumtəhsil müəssisələrinin sayı 2024-cü ildə 4 470-dən artıqdır, burada təxminən 1,5 milyon şagird təhsil alır. Bu qədər böyük sistemin planlı şəkildə idarə olunması zəruri olduğu halda hazırlıqlar çox vaxt axırıncı günlərə saxlanılır. Halbuki “Təhsil haqqında Qanun”da dövlətin öhdəlikləri sırasında təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, dərsliklərlə tam təminat və müəllimlərlə komplektləşdirilmə açıq şəkildə göstərilib.
Əslində yeni tədris ili başlamadan aylarla əvvəl konkret işlərin görülməsi tələb olunur. Bu işlər arasında müəllimlərin dərs bölgüsünün vaxtında elan olunması, dərsliklərin məktəblərə çatdırılması, şagird axınına uyğun olaraq siniflərin düzgün komplektləşdirilməsi və məktəblərin təmir işlərinin yekunlaşdırılması dayanır. Təəssüf ki, bu proseslər çox zaman avqustun son günlərində belə davam edir. Məsələn, ötən il dərsliklərin paylanması sentyabrın əvvəlinə qədər çəkdi, bəzi məktəblərdə isə şagirdlər dərssiz günlərlə üzləşdilər. Nazirlik illərlə təkrarlanan bu problemi əvvəlcədən həll etməli, istehsaldan paylanmaya qədər olan zənciri şəffaf şəkildə idarə etməli idi.
Mənfi tərəflər açıq şəkildə göz önündədir. Müəllimlərin sayı azalır, 2022-2023-cü tədris ilində 151 634 nəfər müəllim fəaliyyət göstərirdisə, 2024-2025-ci ilin əvvəlində bu göstərici 146 381 nəfərə düşüb. Bu, yeni dərs ilində fənn çatışmazlığı, yüklərin qeyri-bərabər paylanması və keyfiyyətin aşağı düşməsi riskini artırır. Digər tərəfdən, məktəblərdə şagird sıxlığı da artmaqdadır. Paytaxt və iri şəhərlərdə bəzi məktəblərdə siniflərdə 40-50 şagird təhsil alır. Bu isə nə müəllimin pedaqoji imkanlarına, nə də “Ümumi təhsil haqqında Qanun”da təsbit olunan “təlimin keyfiyyət və bərabərlik prinsiplərinə” uyğun gəlir. Elm və Təhsil Nazirliyi bu məsələləri əvvəlcədən proqnozlaşdırmalı, demoqrafik göstəriciləri və regionlar üzrə şagird axınını təhlil edərək resurs planlamasını vaxtında həyata keçirməli idi. Amma hələ də belə bir strateji plan ictimaiyyətə açıqlanmayıb".
Ekspert eyni zamanda qeyd edir ki, müsbət tərəf kimi son illərdə bir sıra kənd məktəblərinin əsaslı təmiri və yeni məktəb binalarının istifadəyə verilməsini qeyd etmək olar. Həmçinin bəzi rayonlarda modul tipli məktəblər tikilib, bu da ucqar kəndlərdə uşaqların məktəbə çıxış imkanlarını genişləndirib. Amma bu addımlar ümumi sistemin problemlərini köklü şəkildə həll etmir, çünki planlı və ardıcıl strategiya yoxdur: "Dünya təcrübəsi göstərir ki, Finlandiya, Estoniya, Yaponiya kimi ölkələrdə yeni tədris ilinə hazırlıq prosesi ən azı 6 ay əvvəldən tamamlanır. Dərsliklər yay aylarında şagirdlərin əlində olur, müəllimlərin bölgüsü isə tətil başlamadan əvvəl açıqlanır. Bu həm valideynlərin, həm də müəllimlərin planlama imkanlarını artırır. Azərbaycanda isə valideynlər çox vaxt sentyabrın ilk günlərində məktəbdə hansı müəllimin dərs deyəcəyini, hansı dərsliklərin çatacağını öyrənirlər.
Nə dəyişəcək məsələsinə gəldikdə, mövcud idarəetmə üslubu davam edərsə, yeni tədris illəri hər dəfə eyni problemlərlə açılacaq. Müəllimlərin azalması fonunda fənn çatışmazlığı, siniflərdə sıxlıq və repetitor asılılığı daha da artacaq. Şagirdlər məktəbə deyil, kənar hazırlıqlara üstünlük verəcək, təhsil bərabərliyi pozulacaq. Nə dəyişməlidir sualının cavabı isə aydındır: hazırlıq prosesi planlı şəkildə aylar öncədən başa çatdırılmalı, resurslar düzgün bölüşdürülməli, demoqrafik proqnozlar nəzərə alınmalıdır. Dərslik təminatı vahid elektron izləmə sistemi ilə həyata keçirilməli, müəllim bölgüsü şəffaf və ədalətli qaydada yay aylarında elan olunmalıdır.
Elm və Təhsil Nazirliyi marifləndirmə işini aparmır, valideyn və müəllimlərə vaxtında məlumat vermir, ictimaiyyəti hazırlıq prosesi barədə açıq şəkildə məlumatlandırmır. Nazirliyin uzunmüddətli planı və proqnozu yoxdur, hər il eyni problemlərin təkrarlanmasına imkan yaradır. Təhsil sistemində dəyişiklik yalnız ciddi strateji planlaşdırma, şəffaflıq və vaxtında hesabatlılıqla mümkündür. Əks halda yeni dərs ili yenə də qeyri-müəyyənlik, narazılıqlar və boşluqlarla açılacaq. Bu isə dövlətin üzərinə götürdüyü öhdəliklərə zidd olmaqla yanaşı, gələcək nəsillərin təhsil keyfiyyətinə birbaşa mənfi təsir göstərəcək".
Təhsil eksperti Elşən Qafarov aşıqlamasında hal-hazırda yeni tədris ilinə hazırlıq çərçivəsində ümumtəhsil məktəblərində bir sıra problemlərin müşahidə olunduğunu deyir: "İlk növbədə, məktəblərin birləşdirilməsi məsələsi çətinliklər yaradır. Belə ki, birləşdirilən məktəblərdə müəllimlərin tam yerləşdirilməsi mümkün olmur. Müəllimlər çox hallarda yaşayış yerlərindən uzaq ərazilərə göndərilir ki, bu da ciddi narazılıqlara səbəb olur.
Digər problem isə pensiya yaşına çatmış müəllimlərlə bağlıdır. Hələ may ayında, xüsusilə ibtidai siniflər üzrə, üçüncü sinif müəllimlərinin yerləri vakansiyaya çıxarılmışdı. Bu müəllimlər əmək fəaliyyətini davam etdirən, lakin pensiya yaşına çatmış şəxslərdir. Avqustun 21-də Elm və Təhsil Nazirliyi qərar verdi ki, üçüncü sinif müəllimləri – yəni pensiya yaşına çatmış şəxslər – bir il də işləsinlər. Nəticədə, həmin yerlərə vakant olaraq gəlmiş yeni müəllimlərlə mövcud müəllimlər arasında ziddiyyət yaranıb.
Tədris planı təsdiq olunsa da, məktəblərdə vakansiyaların tam şəkildə doldurulması təmin edilmir. Bir çox hallarda imtahandan keçmiş müəllimlər təyin olunduqları məktəblərə gedib çıxmır. Bu, dərs bölgüsündə və dərs cədvəlinin tərtibində ciddi problemlərə səbəb olur. Yeni müəllimlərin bir qismi məktəbə yalnız sentyabrın 15-də və ya bir gün əvvəl gedəcəklərini düşünür. Bu da hazırlıq prosesinin mərkəzləşdirilmiş şəkildə aparılmadığı təəssüratını yaradır.
Bununla yanaşı, tədris ilinin müddəti ilə bağlı yayılan şayiələrin heç bir əsası yoxdur. Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli, 66 nömrəli qərarında ümumtəhsil pilləsində tədris ilinin başlanma və bitmə tarixləri konkret şəkildə göstərilib. Həmin qərara əsasən, ölkə üzrə tədris ilinin müddətinin və tətil tarixlərinin dəyişdirilməsi yalnız Nazirlər Kabinetinin səlahiyyətindədir. Ayrı-ayrı məktəblərdə isə bu məsələ Elm və Təhsil Nazirliyinin səlahiyyətinə daxildir.
Məsələn, Formula 1 yarışının keçirildiyi ərazidə yerləşən 10-15 məktəbdə dərslərin müvəqqəti dayandırılması mümkündür. Lakin bu səbəbdən bütün ölkə üzrə tədris ilinin müddətinin dəyişdirilməsi real görünmür. Hətta dəyişiklik olsa belə, bu, yalnız Nazirlər Kabinetinin qərarı ilə mümkündür. Belə bir qərar olmadığı üçün hazırda tədris ilinin müddətinin dəyişdirilməsi barədə danışmaq əsassızdır".
Bütün xəbərlər Facebook səhifəmizdə