"Xalq sübut etdi ki, zorakılıq və repressiya ilə onun iradəsini sındırmaq mümkün deyil" - ŞƏRH

"20 Yanvar hadisəsi Azərbaycan xalqının tarixində həm ağır faciə, həm də milli iradə və mübarizlik rəmzi kimi xüsusi yer tutur. 36 il əvvəl xalqımız öz torpaqlarının suverenliyi, azadlığı və hüquqları uğrunda dinc mübarizə apardığı bir zamanda onu qorumalı olan sovet hakimiyyəti xalqın üzərinə silah çəkdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Bakı şəhərinə və respublikanın müxtəlif bölgələrinə yeridilən sovet ordusu mülki əhaliyə qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirdi:

"Dinc insanlar gülləbaran edildi, şəhərə top və tanklar yeridildi, qadınlar, uşaqlar və qocalar amansızcasına qətlə yetirildi. Bu hadisə sovet imperiyasının ən qanlı cinayətlərdən biri kimi tarixə düşdü.

Faciənin əsas məqsədi Azərbaycan xalqını qorxutmaq, onun azadlıq və müstəqillik uğrunda apardığı haqlı mübarizəni boğmaq idi. Lakin bu qanlı plan öz məqsədinə çatmadı. Əksinə, 20 Yanvar hadisəsi xalqın azadlıq əzmini daha da gücləndirdi, milli birliyi möhkəmləndirdi və müstəqillik ideyasını geri dönməz bir prosesə çevirdi. Xalq sübut etdi ki, zorakılıq və repressiya ilə onun iradəsini sındırmaq mümkün deyil. Həmin dövrdə respublikaya milli maraqlardan uzaq, mərkəzin göstərişləri ilə hərəkət edən şəxslərin rəhbərlik etməsi bu faciənin baş verməsində mühüm rol oynadı. Ulu Öndər Heydər Əliyevin məqsədli şəkildə böyük siyasətdən uzaqlaşdırılmasından sonra erməni millətçilərinin Azərbaycana qarşı təcavüzkar siyasəti daha da genişləndi, xalqımız uzun illər ərzində haqsızlıqlarla və ədalətsizliklərlə üzləşdi.

Yalnız Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə hüquqi və siyasi qiymət verildi. Bu qanlı hadisə beynəlxalq ictimaiyyətə çatdırıldı, günahkarların ifşası istiqamətində mühüm addımlar atıldı. 20 Yanvar şəhidləri Azərbaycan xalqının azadlıq mübarizəsinin rəmzinə çevrildi. Bu gün müstəqil Azərbaycan dövləti həmin şəhidlərin qanı bahasına qurulmuşdur. Hər il 20 Yanvar hadisələrinin ildönümündə xalqımız şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, onların göstərdiyi qəhrəmanlıq və fədakarlıq gələcək nəsillər üçün əbədi örnək olaraq qalır".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə