“Azərbaycan müxtəlif etnik və dini icmaların sülh şəraitində yaşadığını nümayiş etdirir“ - ŞƏRH OLUNDU
“Hindistan tarixən çoxmillətli və çoxkonfessiyalı bir dövlət kimi formalaşmışdır. Lakin son illərdə ölkədə müşahidə olunan siyasi kurs bu çoxçeşidliliyin qorunmasından daha çox, müəyyən etnik və dini qruplara qarşı ayrı-seçkiliyin institusionallaşması ilə xarakterizə olunur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
Onun sözlərinə görə, hakim siyasi elitanın millətçi-mühafizəkar ideologiyaya söykənən yanaşması Hindistan cəmiyyətində sosial gərginliyi artıran əsas amillərdən biri kimi çıxış edir:
“Hindistanın mövcud siyasi rəhbərliyi tərəfindən hinduizmin dominant ideoloji və mədəni baza kimi irəli çəkilməsi, digər dini və etnik icmaların, xüsusilə müsəlmanların və sikhlərin hüquqi və sosial vəziyyətinə mənfi təsir göstərir. Kəşmir bölgəsində müsəlman əhaliyə qarşı tətbiq olunan sərt inzibati və təhlükəsizlik tədbirləri, eləcə də sikhlərə qarşı ayrı-seçkilik xarakterli yanaşmalar bu siyasətin konkret təzahürləri kimi qiymətləndirilir. XXI əsrdə bu cür halların mövcudluğu beynəlxalq ictimaiyyət tərəfindən ciddi narahatlıqla qarşılanır.
Bu proseslər beynəlxalq hüququn əsas prinsiplərinin, xüsusilə də fundamental insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması anlamına gəlir. Dini etiqad azadlığı, etnik bərabərlik və ayrı-seçkiliyin yolverilməzliyi kimi universal dəyərlər beynəlxalq konvensiyalarda açıq şəkildə təsbit olunmuşdur. Buna baxmayaraq, Hindistanda bu problemlərin dövlət siyasəti səviyyəsinə yüksəlməsi vəziyyəti daha da mürəkkəbləşdirir və məsuliyyətin miqyasını genişləndirir.
Bu kontekstdə müxtəlif ölkələrdə insan hüquqları, tolerantlıq və multikulturalizm mövzusunda keçirilən beynəlxalq konfranslar xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycanda bu cür tədbirlərin təşkili ölkənin humanizmə, milli-mənəvi və ümumbəşəri dəyərlərə verdiyi önəmin bariz göstəricisidir. Azərbaycan müxtəlif etnik və dini icmaların sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşadığı ölkə kimi multikulturalizm modelini praktik müstəvidə nümayiş etdirir.
Azərbaycanda fərqli millətlərin və dinlərin nümayəndələrinin bərabər hüquqlarla yaşaması bu ölkəni beynəlxalq miqyasda multikulturalizm nümunəsinə çevirir. Bu təcrübə göstərir ki, dövlət siyasətinin əsasını inklüzivlik və tolerantlıq təşkil etdikdə sosial sabitlik və ictimai həmrəylik mümkün olur. Bu baxımdan Hindistan kimi çoxmillətli dövlətlərin Azərbaycan modelindən faydalanması həm daxili sabitlik, həm də beynəlxalq imic baxımından əhəmiyyətli ola bilər.
Tarixi baxımdan Hindistanın özü uzun müddət irqi və siyasi ayrı-seçkiliyə məruz qalmış, Böyük Britaniyanın müstəmləkə idarəçiliyi dövründə ciddi haqsızlıqlar yaşamışdır. Bu tarixi təcrübəyə baxmayaraq, bu gün Hindistan hökumətinin bəzi etnik və dini qruplara qarşı oxşar ayrı-seçkilik siyasəti yürütməsi paradoksal və narahatedici haldır. Bu tendensiyanın beynəlxalq müstəviyə çıxarılması və BMT kimi qurumlar tərəfindən qınanması qaçılmaz görünür. Azərbaycan isə multikultural dəyərlərin təşviqi istiqamətində atdığı addımlarla bu sahədə qlobal dialoqa töhfə verməyə və öz modelinin digər ölkələr üçün tətbiq oluna biləcəyini nümayiş etdirməyə davam edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB