Sümük əriməsi necə müalicə olunur? - ORTOPED AÇIQLADI

Osteoporoz müasir dövrdə geniş yayılmış və ciddi sağlamlıq problemlərinə səbəb olan xəstəliklərdən biridir. Xalq arasında “sümük əriməsi” kimi tanınan bu xəstəlik sümük toxumasının zəifləməsi və kövrəkləşməsi ilə xarakterizə olunur. Bəs, bu xəstəliyə əsasən hansı insanlarda rast gəlinir? Sümük əriməsi necə müalicə olunur?

Məsələ ilə bağlı ortoped travmatoloq Rəşad Zeynalov SİA-ya açıqlamasında bildirib ki, sümük əriməsi- osteoporoz daha çox qadınlarda görülür:

“Xəstəlik əsasən iki formada müşahidə olunur. Postmenopozal osteoporoz menopozdan sonra estrogen hormonunun azalması nəticəsində yaranır və adətən 50 yaşdan yuxarı qadınlarda görülür. Estrogen sümük toxumasını qoruyan mühüm hormonlardan biri olduğu üçün onun azalması sümük itkisinin sürətlənməsinə səbəb olur. Senil osteoporoz isə yaşlanma prosesi ilə bağlıdır və həm qadınlarda, həm də kişilərdə 65–70 yaşdan sonra inkişaf edə bilər. Bu tip osteoporozda sümük yenilənməsi zəifləyir və kalsiumun mənimsənilməsi azalır. Ağbəniz xanımlarda daha sıx görülür. Müalicəsi üçün aktiv həyat tərzi və günəş altında vannalar çox önəmlidir. Dərman müalicəsində əsasən kalsium və D vitamini preparatları istifadə olunur. Bunlarla yanaşı, sümük itkisini azaldan və ya sümük əmələgəlməsini stimullaşdıran digər köməkçi preparatlar da həkim nəzarəti altında təyin edilə bilər. Erkən diaqnoz, düzgün həyat tərzi və mütəmadi tibbi nəzarət osteoporozun ağırlaşmalarının, xüsusilə sümük sınıqlarının qarşısını almaqda böyük əhəmiyyət daşıyır".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə