Kommunal sahələrdə əhaliyə göstərilən xidmətlərlə bağlı vəziyyət necədir? - SORĞU

Qarlı hava şəraiti ilə bağlı paytaxt və regionlarda müxtəlif problemlər yaşanıb. Bəs kommunal sahələrdə əhaliyə göstərilən xidmətlərlə bağlı vəziyyət necədir? SİA mövzu ilə bağlı qurumlar arasında sorğu keçirib.

“Bölgələrdə və paytaxtda əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışırlar. Axşam saatlarından etibarən çağrı mərkəzimizə qazın təzyiqi ilə bağlı 281 zəng daxil olub”. Bunu SİA-nın sorğusuna cavab olaraq “Azəriqaz” ASC-nin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev deyib.

Onun sözlərinə görə, zənglərdən 57-si təbii qazın olmaması ilə bağlı olub: “Eyni zamanda, 41 abonent qaz sızması ilə bağlı müraciət quruma müraciət edib. Dərhal əraziyə əməkdaşlarımız göndərilib. Sızmanın aradan qaldırılması istiqamətində tədbirlər görülüb. Bir neçə saat ərzində problem aradan qaldırılıb və təhlükəsizlik təmin edilib”.

Mətbuat katibi sözlərinə davam edərək həmçinin qeyd edib ki, dəm qazından zəhərlənmə halları da baş verib: “Dəm qazından yüngül zəhərlənmə ilə bağlı 7 müraciət daxil olub. Həmin müraciətlərin bir qismi gecə saatlarında, bir qismi isə hazırda həll olunur. Ümidvarıq ki, bundan sonra qaz təchizatında genişmiqyaslı problemlər olmayacaq. Vətəndaşlardan soyuq hava şəraiti ilə bağlı qaz plitələrinin yandırılmasına və gecə yatarkən onların açıq vəziyyətdə saxlanılmasına yol verməsinlər. Bu cür hallarda qaz sızma, partlayış ola bilər. Ona görə də təhlükəsizlik məqsədilə bu kimi məqamlara diqqət etsinlər.

Güclü külək bacalara təsir edə və dəm qazı evə daxil ola bilər. Bu kimi nüanslara ciddi yanaşmaq lazımdır. Gün ərzində quruma genişmiqyaslı problem daxil olmayıb, lokal problem isə müvafiq qaydada operativ şəkildə həll olunub və olunacaq”.

“Qarlı hava şəraiti ilə bağlı bəzi regionlarda elektrik enerjisinin verilməsi zamanı qısamüddətli lokal qəzalar qeydə alınıb”. Bu sözləri SİA-nın sorğusuna cavab olaraq “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu deyib.

Onun sözlərinə görə, gecədən indiki vaxta qədər regionda və paytaxt ərazisində əhaliyə elektrik enerjisinin verilişi ilə bağlı ciddi problemlər yaşanmayıb: “Bəzi ərazilərdə lokal qəza halları olub. Qəza xidməti tərəfindən dərhal müraciətlərə baxılıb və problem aradan qaldırılıb. Donvurma ilə əlaqədar bəzi qırılmalar ola bilir. Qurumun qəza xidmətinin əməkdaşları 24 saat gücləndirilmiş iş rejimində çalışır. Çağrı mərkəzinə qəza ilə bağlı əhalidən daxil olan zənglər əsasında həmin ərazilərə dərhal əməkdaşlar cəlb edilir".

"Qurumun “955” zəng mərkəzinə su borusunun və yaxud sayğacların donması ilə bağlı heç bir müraciət daxil olmayıb". Bu sözləri SİA-nın sorğusuna cavab olaraq “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, hazırda həm Bakı şəhərində və Abşeron yarımadasında, həm də regionlarda bütün mənbələrdən lazımi həcmdə su götürülür və abonentlər dayanıqlı içməli su ilə təmin olunurlar: “Azərsu” qarlı günlərdə gücləndirilmiş iş rejimində çalışır. Hər hansı bir qəza və yaxud problem yaranarsa, onun qısa müddətdə və operativ aradan qaldırılması ilə bağlı tədbirlər görüləcək”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə