Səbail rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub - FOTOLAR

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının inzibati binasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, aparatın əməkdaşları, rayon üzrə ərazi partiya təşkilatının sədrləri və üzvlər iştirak edib.

Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib. Bu günün tarixi önəmindən bəhs edən sədr xalqımızın həmrəyliyinin və birliyinin daim vacib olduğunu, iki il öncə torpaqlarımızın işğaldan azad olunmasının Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında məhz bu milli birlik və vəhdətin nəticəsində mümkün olduğunu söyləyib. Ərazi bütövlüyümüzə təhdidlərin hələ bitmədiyini söyləyən M.Nağıyev bütün dünyada yaşayan soydaşlarımızın müstəqil və azad Azərbaycan Respublikasının ətrafında sıx birləşməsinin zəruriliyini qeyd edib.

AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi dosent Mübariz Ağalarlı çıxış edərək qarşıdan gələn bayramlar münasibətilə tədbir iştirakçılarını təbrik edib və tarixən xalqımızın ən çətin anlarda bir olduğunu bildirib, tarixi qələbələrin qazanılmasında həmrəyliyin vacib olduğunu vurğulayıb.

"Lermontov küçəsi 74" ƏPT sədri Elçin Əhmədov bildirib ki, Ulu Öndər ölkə rəhbərliyinə keçdikdən sonra ölkədəki hərc-mərcliyi aradan qaldırdı və xalqımızın birliyi ilə ölkəmizi dirçəltdi.

"Neftçilər prospekti 24" ƏPT sədri İmmiyə Zamanova çıxışında Azərbaycan xalqının hər zaman zəfərlərə layiq olduğunu və bu tarixi zəfərlərin istər ölkəmizdə, istərsə də dünyanın digər ölkələrində yaşayan soydaşlarımızın birliyi vasitəsilə qazanıldığını söyləyib.

"91-lər"in nümayəndəsi Ədalət Fərəcov çıxış edərək bugün istər Azərbaycanda, istərsə də dünyada yaşayan azərbaycanlılar üçün bu tarixin vacibliyini vurğulayıb və bu əlamətdar günün məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə daha da təntənəli qeyd edildiyini söyləyib.

Partiyanın veteran üzvü Rizvan Vahabov tədbir iştirakçılarını salamlayaraq bu günün dünya azərbaycanlıları üçün vacibliyini qeyd edərək, bu günün həmrəylik, birlik simvolu olduğunu söyləyib.

Partiyanın fəal üzvü Gülbəniz Abbasova çıxışında xalqımızın hər daim dövlətimizin yanında bir yumruq kimi olduğunu və bu birliyin, inamın nəticəsində tarixi qələbənin əldə edildiyini bildirib.

"İstiqlaliyyət küçəsi 27" ƏPT gənc üzvü Bəhlul Əsədov çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bugün İlham Əliyev tərəfindən layiqincə davam etdirilən siyasi idarəçilik sistemində dövlət-xalq birliyinin mühüm rol oynadığı barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə