Yeraltı keçidlərdə eskalatorlar niyə işləmir? - QURUM RƏSMİSİ AÇIQLADI

"Məlumat üçün bildirim ki, "Qış parkı" ərazisində yerləşən yeraltı piyada keçidləri, o cümlədən "Bakı Metropoliteni"nə aid olan piyada keçidləri istisna olmaqla digər yeraltı və yerüstü piyada keçidləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansındadır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, həmin ərazilərdə olan eskalatorlarda bizim qurum xidmət göstərir: "Nasaz olan eskalatorlarda bizim xüsusi təmir briqadalarımız var. İxtisaslaşmış əməkdaşlardan ibarət həmin təmir briqadalarının əgər hansısa problem olduqda əraziyə dərhal gedir və problemi aradan qaldırmaq üçün yerindəcə işlərə başlanılır. Biz bilirik ki, eskalatorlar işləyən mexanizmdir və onlarda təmirə ehtiyac yaranır. Təəssüflər olsun ki, nə eskalatorlar, nə də onun ehtiyat hissələri ölkəmizdə istehsal olunmur və bu üzdən də həmin hissələr xaricdən sifariş verilir. Bu müddət ərzində isə hər hansı bir eskalator müəyyən vaxt ərzində işləməyə bilər. Amma biz çalışırıq ki, təmir briqadalarımız qısa bir müddət ərzində problemi yerindəcə aradan qaldırsın. Yerindəcə mümkün olmadıqda isə xüsusi təmir sexlərimiz fəaliyyət göstərir və həmin ehtiyyat hissələri bərpası və təmiri həyata keçirilir. Lakin təmiri mümkün deyilsə o zaman qeyd etdiyim kimi xaricdən ehtiyyat hissələri sifariş verilir".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə