"Qarabağda əbədi olmaq üçün çox böyük işlər görülüb" - DEPUTAT ŞƏRH ETDİ

"Füzuli rayonu işğaldan azad edildikdən sonra tez bir zamanda yenidənqurma və bərpa işləri görülüb". Bu sözləri SİA-ya açıqlamasında deputat Nizami Cəfərov deyib.

Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərimizdə yenidənqurma işləri məhz Füzulidən başlandı: "Füzuli Azərbaycanın böyük mədəniyyət ocaqlarından biridir. Füzuli yurdumuza bir çox yazıçılar, şairlər və ziyalılar yetişdirib.

Azərbaycan Prezidenti dəfələrlə Füzulidə olub və görülən işlər daim nəzarətindədir. Yenidənqurma və bərpa işləri ardıcıl sistemli davam edir. Füzuli yaxın zamanlarda nəinki keçmiş şöhrətini özünə qaytaracaq, eyni zamanda regionun ən gözəl şəhərlərindən biri olacaq. İşğaldan azad edilmiş ərazilərdə ermənilərin illər boyu Azərbaycan torpağına vurduqları ziyan yavaş-yavaş düzələcək. Yəni, bu ziyanın yalnız tarixi təəssüratları qalacaq. Şuşanın işğaldan azad edilməsi üçün Füzuli bir qapı rolu oynayırdı.

44 günlük müharibədə zəfər eldə edilməsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 44 günlük Vətən müharibəsindən qələbə ilə çıxmaq Azərbaycan tarixinin ən böyük hadisəsidir və ən böyük nailiyyətidir. Bu nailiyyətin müəllifi dəmir yumruğu düşmənə sərgiləyən müzəffər Azərbaycan Ordusu və Ali Baş Komandan İlham Əliyevdir".

Deputat sözlərinə əlavə edərək bildirib ki, İlham Əliyevin iradəsi və vətənpərvərliyi ilə düzülən Azərbaycan xalqının önündə gedən qələbəni təmin edən ordu və eyni zamanda Azərbaycan Prezidentinin yaratmış olduğu beynəlxalq mühit ilə Qarabağ işğaldan azad oldu: "Prezident İlham Əliyev beynəlxalq münasibətlər və diplomatik manevrlər ilə Azərbaycan həqiqətlərini dünyaya çatdırdı və istəklərimizin reallaşmasına səbəb oldu. Bu həqiqətən uzun müddət idi ki, beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmirdi. İndi isə əsas məsələ cənab Prezidentin dediyi kimi bizim Qarabağda əbədi olmağımızdır. Əbədi olmaq üçün iqtisadi, mədəni, siyasi baxımdan artıq çox böyük işlər görülüb. Bu gün hər kəs bilir ki, artıq Qarabağ problemi yaşanmayacaq".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə