"Azərbaycan bütün məsələləri təkbaşına həll etmək iqtidarındadır" POLİTOLOQ AÇIQLADI

"Laçının azad edilməsi və ermənilərin oranı tərk etməsinin hüquqi əsası 10 noyabr Bəyanatı ilə təsdiqlənib". Bu sözləri SİA -ya açıqlamasında politoloq Amid Əliyev deyib.

Politoloq bildirib ki, müharibənin bitməsindən təxmini iki il ərzində Ermənistan tərəfi bu Bəyanatın bəzi maddələrinin icrası ilə bağlı siyasi imitasiyalar edir və onların icrasını gecikdirir: "Buna cavab olaraq Azərbaycan dövləti üzərinə düşən bütün öhdəlikləri tam şəkildə yerinə yetirmişdir. Laçın dəhlizinə paralel olan yolun çəkilməsi 3 ilə nəzərdə tutulurdusa, artıq bu yol hazırdır. Bunun məntiqi nəticəsi olaraq təbii ki, orada yaşayan ermənilər Laçın şəhərini və dəhliz boyu əraziləri tərk etməlidirlər. Bunu istəsələr də, istəməsələr də. Avqustun 25-dək onlara vaxt verilib. Biz artıq erməni KİV-dən bunu müşahidə edirik ki, ermənilər həmin əraziləri tərk edirlər. Ermənilərin ərazini tərk edərkən əraziyə ziyanvurma halı ilə ilk dəfə deyil ki, rastlaşacağıq. Yadınızdadırsa, 2020-ci ildə onlar Laçını tərk edərkən meşələrimizi, yaşadıqları evləri yandırdılar, heyvanları öldürdülər və bununla da Azərbaycana qarşı ekosid cinayətini həyata keçirdilər. Ermənilər bir daha özləri belə anlamadan dünyaya mesaj verdilər ki, bu ərazilər tarixən onlara aid olmayıb.
Bildiyimiz kimi, bir neçə gün bundan öncə Azərbaycan ordusu erməni qanunsuz silahlı birliklərinə qarşı "Qisas" əməliyyatını keçirdi. Burada əsas məsələ erməni silahlılarını ərazidən uzaqlaşdırmaq idisə, digər mühüm məqam, Ermənistanı sülhə məcbur etmək və Azərbaycanın dəyişməz prinsipial mövqeyini erməni milliyyətçilərinə çatdırmaq idi. Hesab eləmək olar ki, bu əməliyyat Azərbaycan üçün çox uğurlu oldu. Bir daha sübut olundu ki, Azərbaycan bundan sonra da danışıqlarda hansısa imitasiya və yersiz vaxt uzatmalarına imkan verməyəcək".
Amid Əliyev fikirlərinə əlavə edərək qeyd edib ki, yaxın günlərdə Azərbaycan və Ermənistan rəhbərlərinin Brüssel görüşünün olması ehtimal olunur: "Dünən Rusiya rəhbərliyi Ermənistanın baş naziri ilə danışıb. Soçi görüşündən sonra Türkiyə tərəfi Qarabağla rəsmi bəyanatlar verir ki, bundan da belə nəticə hasil olur ki, bölgə üzrə əsas dövlətlər olan Türkiyə və Rusiya Azərbaycanın haqlı olan mövqeyi üzrə həmfikirdirlər. Bu erməni xalqına və erməni siyasi dairələrinə ciddi bir mesaj olmalıdır. Əgər avqustun 25-dən sonra Ermənistan Bəyanatla onun üzərinə düşən maddələrin icrasını gecikdirsə və ya vaxt uzatsa "Qisas" əməliyyatının da davamının olacağını çox böyük ehtimalla qeyd eləmək olar. Azərbaycan hər zaman bütün platformalarda və müstəvilərdə Ermənistanla münasibətlərin normallaşmasını və sülhün qorunmasını bəyan edib. Lakin çox təəssüf ki, Ermənistanın tərəddüdlü hərəkətləri ümumi prosesləri yubadır. Buna cavab olaraq Azərbaycan daim bütün məsələləri özü təkbaşına həll etmək iqtidarında olduğunu sübut edib və bu işi davam edir. İndiki vəziyyətdə Ermənistanın siyasi və hərbi rəhbərliyi, müxalifəti, milliyyətçiləri və sadə erməni xalqı başa düşməlidir ki, bu məsələdə artıq bütün kartları uduzub. İndi yeganə yol Azərbaycanla konstruktiv müstəvidə Azərbaycanın təklif etdiyi şərtləri qəbul etməkdən ibarətdir. Əks halda, Ermənistan "dövlətçiliyi" böyük təhlükə altında qalacaq".

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə