"Ağdam şəhəri Qarabağın nəqliyyat qovşağıdır" AÇIQLAMA

"Ağdamda hazırda işğaldan azad olunan digər bölgələrimiz kimi genişmiqyaslı bərpa və quruculuq işləri aparılır". Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, tarixən Ağdam hələ Sovet dövründə və ondan öncəki dönəmdə Qarabağın mərkəzi şəhərlərindən biri sayılırdı: "Bu statusu bərpa etmək üzrə işlər gedir. Konkret olaraq bu istiqamətdə yollar çəkilir, binalar və sənaye obyektləri tikilir. Digər tərəfdən, Cənab Prezident İlham Əliyev Ağdam Sənaye Parkında iki müəssisənin təməlini qoyub. Bu yarımstansiyaların əhəmiyyəti olduqca vacibdir. Bərpa işləri plan üzrə davam etdirilir. İrimiqyaslı suvarma işləri, yeni yolların çəkilməsi işləri davam etdirilir. Bildiyimiz kimi, Ağdam şəhəri Qarabağın nəqliyyat qovşağıdır".
Politoloq sözlərinə əlavə edərək bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanması üçün danışıqlar aparılır: " Əsas vasitəçilər olan Rusiya tərəfi ilə Avropa İttifaqı, həm də Türkiyə ilə danışıqlar davam etdirilir. Sülh müqaviləsi çərçivəsində işlər yaxın müddətdə başladılacaq. Yeni danışıqlar prosesinə start verilib. Yeni danışıqlar artıq köhnə gündəliyin üzərindən xətt çəkir. Münaqişə mövzusu unudulub. Yeni prinsiplər və prioritetlər üzərində qurulub. Bu ideyanın əsasında da mütləq şəkildə yeni sülh sazişinin imzalanması və regionda dayanaqlı təhlükəsizlik şəraitini yaratmaqdan ibarətdir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə