HƏP-in cəhdləri uğursuzluğa düçar olur MÜXALİFƏT

Əli İnsanovun müxalifətdaxili dialoqları nəticə vermir

Həbsdən çıxar-çıxmaz özünə siyasi təşkilat – Haqq və Ədalət Partiyası yaradan sabiq səhiyyə naziri Əli İnsanovun son günlər müxalifət düşərgəsində daxili dialoqlar aparması diqqət çəkməyə başladıb. Belə ki, özünü düşərgənin sayılıb-seçilən lideri olaraq təqdim edən İnsanov çox yəqin ki, vahid lider olmaq arzusundadır və bu səbəbdən də qərargahında ənənəvi müxalifət partiyalarının sədrləri ilə görüşlər keçirməkdədir. Maraqlıdır ki, müxalifətçi partiya sədrləri ya nəzakət baxımından, ya da maraq cəhətindən onunla görüşdən imtina etmirlər. Amma daha bir maraqlı məqam həmin görüşlərdən sonra susqunluğun saxlanılmasıdır. Yəni ən azından, görüş zamanı hansı ortaq məxsəclərə gəlinməsi barədə kiçik məlumatlar da ictimailəşdirilmir.

Çay içmək xətrinə bir neçə nəfərin toplanışını “böyük görüş” kimi təqdim etmək də heç yerinə düşmür

Bu isə belə deməyə zəmin yaradır ki, həmin görüşlər bir srəkan çay içməklə başa çatır və heç bir mahiyyət daşımır. Məsələn, bu yaxınlarda Müsavatın başqanı Arif Hacılı Əli İnsanovla görüşdə iştirak etdi və həmin görüşün yalnız fotosu yayıldı, lakin orada hansı “dərin siyasi baxışların” ortaya qoyulması barədə, ümumiyyətlə, heç nə bildirilmədi. Belə olan halda, necə deyərlər, çay içmək xətrinə bir neçə nəfərin toplanışını “böyük görüş” kimi təqdim etmək də heç yerinə düşmür.

Bu arada, gözlər yenidən AMİP-ə tərəf çevrilib və hələ Əli İnsanovun həbsdən çıxmasından bir müddət sonra bu partiyanın sabiq səhiyyə naziri ilə anlaşmaya gedəcəyi də bildirilirdi. Lakin sonradan AMİP-in fəxri lideri Etibar Məmmədov bu iddiaların üzərindən xətlər çəkdi. Ona görə də HƏP-in AMİP-lə də hər hansı ortaq məxrəclərə gəlməsi mümkün olmayan bir məsələdir.

Müsavatdan səs çıxmadı, AMİP isə HƏP-ə çoxdan “qiymət” verib

Məhz həmin vaxtlarda Etibar Məmmədov demişdi. SİTAT: “Mən Əli İnsanovun mövqeyini niyə dəstəkləməliyəm? Sosial şəbəkələrdə bunu iddia edənlər qələt edirlər”.

AMİP lideri qeyd etmişdi ki, sabiq səhiyyə naziri Əli İnsanova əks və ya onun tərəfində deyil: “O kim, mən kim... Nəyə görə kimisə müdafiə etməliyəm, kiminsə tərəfində ya da əleyhinə olmalıyam? Hərənin öz hüququ, öz məntiqi var. Kim nə istəyir, danışa bilər. Öz danışdıqlarına da hər kəs özü cavabdeh olmalıdır”.

Etibar Məmmədov Əli İnsanovun çıxışları ilə də maraqlanmadığını bildirib: “Onun çıxışları ilə bağlı da heç bir fikrim yoxdur... Vaxtilə nazir işləyib, həbsdə yatıb. Nə danışırsa, məlumdur ki, özü öz sözlərinə cavabdeh olmalıdır. Nəyisə hesablayıb, danışırsa, özü cavabdeh olmalıdır. Mən niyə onun çıxışlarına qiymət verməliyəm?”.

HƏP-in də yeri cırtdan partiyaların yanıdır

Göründüyü kimi, AMİP-in lideri bir müddət əvvəl HƏP-in sədri barədə belə düşünübsə, onda milli istiqlalçılardan kiminsə fərqli mövqe nümayiş etdirəcəyinə də inanmaq ümumiyyətlə, qeyri-mümkündür.

Qaldı ki digər müxalifət partiyalarının İnsanovla bir araya gəlib siyasi orientasiyalarını dəyişdirmələrinə, ya da siyasi mövqe birliyi nümayiş etdirmələrinə, bu da hər hansı bir nəticəyə gəlinə bilinməyəcəyini bəri başdan müəyyən etməkdədir. Və əgər bu gün HƏP rəsmi qaydada qeydiyyatdan keçən siyasi təşkilatdırsa, onda təşkilatın hətta qeydiyyatlı halda ölkə gündəmində hansısa maraqlarını reallaşdıracağına inanmaq mümkün deyil. Yəni HƏP də belə davam edərsə, səssiz-səmirsiz və cırtdan partiyalar sıralamasında yer tutan bir təşkilat kimi qalacaq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə