Ermənistanda partiya sədri aclıq aksiyasına başladı

Ermənistanda partiya sədri aclıq aksiyasına başladı

Ermənistanın müxalif "İrs" partiyasının sədri Raffi Hovannisyan hökumətə etiraz olaraq aclıq aksiyasına başlayıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, partiya sədri yaydığı bəyanatında azadlıq tələbi ilə belə bir addım atdığını bildirib. R.Hovannisyan imicini də dəyişdirməyə qərar verib. O, bığlarını kəsib.

 

"İrs" partiyasının sədri üzünü prezident S.Sarkisyana tutaraq bildirib ki, Ermənistan Respublikasında qurulduğundan 20 il sonra ilk dəfə sərbəst, ədalətli və şəffaf seçkilərin keçirilməsinə zəmanət verməyin zamanıdır. Hovannisyan S.Sarkisyanın dövlət və partiya işlərini bir-biriylə qarışdırdığını qeyd edib: "Bunun ən bariz və təəccüblü nümunəsi fevralın 17-də prezident sarayında imzalanan koalisiya razılaşması oldu. Dövlət başçısı koalisiya ortaqlarını toplayaraq Ermənistan Respublikasını Ermənistan Partiya Dövlətinə çevirdi".

 

R.Hovannisyan gücünün çatdığı qədər Ermənistanı demokratik bir ölkəyə çevirmək üçün mübarizə aparacağını, aclıq aksiyasının ilk addım olduğunu vurğulayıb. Qeyd edək ki, keçmiş ABŞ vətəndaşı olan Hovannisyan 1992-ci ildə Ermənistanın ilk xarici işlər naziri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə