Mübariz Əhmədoğlu: “Ermənistan və Dağlıq Qarabağda deyirlər ki, İran Dağlıq Qarabağın müstəqilliyini istəyən yeganə dövlətdir”

Mübariz Əhmədoğlu: “Ermənistan və Dağlıq Qarabağda deyirlər ki, İran Dağlıq Qarabağın müstəqilliyini istəyən yeganə dövlətdir”

Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) fevral ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin yekunları ilə bağlı mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, mərkəzin sədri Mübariz Əhmədoğlu ilk olaraq Şimali Afrika və Orta Şərqdə baş verən hadisələrlə bağlı fikirlərini bildirib.

Şimali Afrika və Orta Şərqdəki inqilabları lidersiz inqilablar adlandıran siyasi ekspert bu inqilabların həmçinin idarə olunan olduğunu qeyd edib. Baş verən proseslərdən ABŞ-ın ciddi zərər çəkməyəcəyini deyən SİTM sədri qeyd edib ki, sözügedən inqilabların səbəbi də, nəticəsi də İranla bağlıdır: "Qərb ərəb dünyasındakı prosesləri o həddə qədər idarə edəcək ki, bu proses İrana keçsin. İranda zəruri islahatlara ehtiyac var. İndiki dini lider heç bir prezidentə, baş nazirə işləməyə imkan vermir. İrana Xomeyni kimi dini lider lazımdır".

Dağlıq Qarabağ problemi ilə bağlı son proseslərə də toxunan M.Əhmədoğlu qeyd edib ki, Ermənistanın davranışları bu ölkənin təhlükədə olduğunu göstərir: "Ermənistan proqnozlaşdırılan heç bir addım atmır. Ermənistan davadan, konfliktdən pul qazanır. İrəvan Dağlıq Qarabağ məsələsində nə Rusiyadan, nə də ABŞ-dan dəstək alır. Ermənistan Çini regiona dəvət etməklə hər ikisindən əvəzini çıxmağa çalışır. Ermənistanın davranışları Rusiyanın sarsılmazlığını şübhə altına alır".

Ermənistan-İran münasibətlərinin tam yeni səviyyədə olduğunu vurğulayan SİTM rəhbəri bildirib ki, bu əməkdaşlığın kökündə antiazərbaycan siyasəti dayanır: "Azərbaycan torpaqlarının 20 ildir ki, işğal altında qalmasının yalnız bir günahkarı var, bu İrandır. Həm ABŞ-ın, həm də Rusiyanın Dağlıq Qarabağ problemi ilə bağı mövqeyi 20 il ərzində kifayət qədər dəyişib. Ermənistan və Dağlıq Qarabağda deyirlər ki, İran Dağlıq Qarabağın müstəqilliyini istəyən yeganə dövlətdir. Ermənistanın kifayət qədər əlavə resurslara ehtiyacı var, bu resursları nə ABŞ, nə də Rusiya verir. İran da əlindən gələni edir. Amma bu da bəs etmir".

Azərbaycan-Ermənistan arasında yeni müharibənin Rusiya üçün də təhlükəli olduğunu söyləyən M.Əhmədoğlu qeyd edib ki, rəsmi Moskva əməliyyatların qısamüddətli olmasına, ya da Dağlıq Qarabağ ərazisindən kənara çıxmamasına çalışacaq. Martın ortalarında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfər edəcəyini dilə gətirən SİTM rəhbəri Ərdoğanın məhz Dağlıq Qarabağ probleminin müzakirəsi üçün gedəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə