“Azərbaycanın bu platformaya inteqrasiyası Mərkəzi Asiya ilə əlaqələri daha da gücləndirir” - DEPUTAT DANIŞDI
“Prezident İlham Əliyevin Türkmənistana iki günlük səfəri beynəlxalq platformalarda iştirak, dövlət başçıları ilə keçirilən görüşlər, eləcə də mədəni proqram çərçivəsində milli-mənəvi dəyərlərimizin təqdimatı baxımından olduqca zəngin və əhəmiyyətli oldu. Səfər Azərbaycanın beynəlxalq nüfuzunun, regional əməkdaşlıq imkanlarının və etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmləndiyini bir daha nümayiş etdirdi”.
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.
Onun sözlərinə görə, dövlət başçımızın səfərinin ilk günü Avaza Milli Turizm Zonasında keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə iştirakı ilə başladı:
”Bu platforma ilkin olaraq Mərkəzi Asiyanın beş ölkəsi arasında əməkdaşlığın inkişafı məqsədilə formalaşdırılsa da, Azərbaycanın burada tamhüquqlu iştirakının təmin edilməsi regional əməkdaşlığın coğrafiyasının genişlənməsi baxımından mühüm hadisədir. Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanın bu platformaya inteqrasiyası Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin daha da dərinləşməsinə geniş imkanlar yaradır.
Beləliklə, Mərkəzi Asiyanın beş ölkəsi ilə Azərbaycan arasında əməkdaşlığı ehtiva edən C5+Azərbaycan formatı yeni regional əməkdaşlıq imkanlarının formalaşmasına xidmət edir. Azərbaycanın bu prosesdə iştirakı ölkəmizin beynəlxalq siyasətdə qazandığı uğurların, etibarlı tərəfdaş imicinin və regionda yaratdığı yeni reallıqların nəticəsidir. Bu, həmçinin Azərbaycanın artıq yalnız regional təşəbbüslərin iştirakçısı deyil, daha geniş coğrafiyada əməkdaşlıq gündəliyinin formalaşmasına töhfə verən dövlət olduğunu göstərir.
Prezident İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində Türkmənistan Prezidenti Sərdar Bərdiməhəmmədovla keçirdiyi ikitərəfli görüş də ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçıları Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik inkişafını yüksək qiymətləndirərək gələcək əməkdaşlığın genişləndirilməsi, iqtisadi əlaqələrin dərinləşdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Azərbaycanı və Türkmənistanı Xəzər dənizi ayırsa da, eyni zamanda, bu dəniz ölkələrimizi birləşdirən mühüm nəqliyyat və iqtisadi əlaqə məkanıdır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə yaradılmış nəqliyyat-kommunikasiya infrastrukturu Türkmənistanın dünya bazarlarına, o cümlədən Avropa istiqamətinə çıxış imkanlarının genişlənməsinə töhfə verir. Türkmənistan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə dünya bazarlarına nəql olunması da bu əməkdaşlığın konkret nəticələrindəndir.
Müasir dövrdə geosiyasi gərginliklərin və qlobal təchizat zəncirlərində baş verən dəyişikliklərin fonunda alternativ nəqliyyat və enerji marşrutlarının əhəmiyyəti daha da artır. Bu baxımdan, tranzit yükdaşımaların genişləndirilməsi, rəqəmsal nəqliyyat dəhlizlərinin inkişafı və Xəzər hövzəsində iqtisadi əlaqələrin gücləndirilməsi Azərbaycanla Türkmənistan arasında əməkdaşlığı daha da möhkəmləndirən əsas amillərdəndir.
Səfərin diqqətçəkən məqamlarından biri də dövlət başçılarının MDB Dövlətlərinin Milli Kulinariya Festivalında iştirakı oldu. Festival çərçivəsində Azərbaycanın milli mətbəxinin və mədəniyyətinin nümunələrinin təqdim edilməsi xüsusi maraq doğurdu. Dövlət başçılarının milli muğamımızın sədaları altında Azərbaycan pavilyonunu ziyarət etməsi xalqımızın zəngin tarixi-mədəni irsinin, milli adət-ənənələrinin və mənəvi dəyərlərinin beynəlxalq miqyasda təbliği baxımından əlamətdar hadisə idi. Bu cür tədbirlər xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və mədəni diplomatiyanın inkişafına mühüm töhfə verir.
Oktyabrın 9-da Prezident İlham Əliyevin Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı və çıxışı da səfərin mühüm siyasi hadisələrindən biri oldu. Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilməsi və regional əməkdaşlıqda artan rolu tədbir çərçivəsində bir daha diqqətə çatdırıldı.
Azərbaycanın 2028-ci ildə MDB-yə sədrlik edəcəyi və həmin il təşkilatın sammitinə ev sahibliyi edəcəyi ilə bağlı qərar ölkəmizin beynəlxalq platformalardakı fəallığının və təşkilat daxilindəki mövqeyinin göstəricisi kimi qiymətləndirilə bilər. Bu, Azərbaycanın beynəlxalq tədbirlərin təşkili, çoxtərəfli dialoqun inkişafı və əməkdaşlıq gündəliyinin formalaşdırılması sahəsində artan imkanlarını nümayiş etdirir.
Bu gün Azərbaycan yalnız öz milli maraqlarını qətiyyətlə müdafiə edən dövlət deyil, həm də müxtəlif güc mərkəzləri ilə qarşılıqlı faydalı əməkdaşlıq quran, beynəlxalq təşəbbüslərlə çıxış edən və regional proseslərə təsir göstərən ölkədir. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət Azərbaycanın strateji tərəfdaşlıqlarının genişlənməsinə, beynəlxalq nüfuzunun artmasına və milli maraqlarının daha səmərəli təmin olunmasına xidmət edir.
Səfər çərçivəsində Xəzər dənizinin ekoloji vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi də xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirakı və dənizin səviyyəsinin azalması ilə bağlı narahatlıqlarını ifadə etməsi problemin regional əməkdaşlıq müstəvisində həllinin vacibliyini bir daha gündəmə gətirdi.
Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi təkcə ekoloji deyil, həm də iqtisadi, sosial və geosiyasi əhəmiyyət daşıyan ciddi problemdir. Dənizin dayazlaşması limanların fəaliyyətinə, gəmiçiliyə, yükdaşımaların həcminə, sahilyanı infrastrukturun işinə və regionun biomüxtəlifliyinə mənfi təsir göstərə bilər. Problemin səbəblərinin araşdırılması zamanı iqlim dəyişiklikləri, su balansına təsir edən təbii amillər və insan fəaliyyəti də kompleks şəkildə nəzərə alınmalıdır.
Bu baxımdan, Xəzəryanı dövlətlərin əlaqələndirilmiş fəaliyyət göstərməsi, müvafiq komissiyaların və ekspert qruplarının birgə işləməsi, elmi tədqiqatların genişləndirilməsi və konkret tədbirlərin həyata keçirilməsi zəruridir. Ümumi sərvətimiz olan Xəzər dənizinin qorunması yalnız bir ölkənin deyil, bütün sahilyanı dövlətlərin ortaq məsuliyyətidir. Vaxtında və koordinasiyalı tədbirlər görülmədiyi təqdirdə, dənizin səviyyəsinin azalması region üçün ciddi ekoloji və iqtisadi çətinliklər yarada bilər.
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla keçirdiyi ikitərəfli görüş də səfərin mühüm məqamlarından biri oldu. Görüş regionda mövcud geosiyasi vəziyyət, Azərbaycan-İran münasibətlərinin inkişafı və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılması baxımından əhəmiyyət daşıyır. Belə təmaslar regional sabitliyin qorunması, qarşılıqlı etimadın gücləndirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün mühüm siyasi platformadır.
Ümumilikdə, Prezident İlham Əliyevin Türkmənistana səfəri Azərbaycanın beynəlxalq əlaqələrinin şaxələndirilməsi, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının genişləndirilməsi, nəqliyyat və enerji sahələrində mövqelərinin möhkəmləndirilməsi, eləcə də milli-mədəni irsimizin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Səfər çərçivəsində keçirilən görüşlər və iştirak edilən beynəlxalq tədbirlər Azərbaycanın regional əməkdaşlıqda artan rolunu, dövlətimizin etibarlı tərəfdaş kimi mövqeyini və Prezident İlham Əliyevin yürütdüyü çoxşaxəli xarici siyasətin əsas istiqamətlərini bir daha nümayiş etdirdi. Əminliklə demək olar ki, bu səfər Azərbaycanla region ölkələri arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına yeni təkan verəcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB