Bölgə ölkələrinin icra etdiyi layihələr nəticəsində 2030-cu ilədək Orta Dəhliz vasitəsilə 10-11 milyon ton yükün daşınması hədəflənib. Bu məqsədlə silsilə layihələr həyata keçirilir. Həm liman infrastrukturunun təkmilləşdirilməsi, həm gəmi sayının artırılması, həmçinin bəzi dəmir yolu, avtomobil yolu və hava limanı layihələrinin icrası hazırda davam edir.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib.
Ekspert bildirib ki, region ölkələri arasında əlaqələndirməni gücləndirən mühüm layihələrdən birinin - Türkmənistan və Qazaxıstan limanlarını birləşdirən avtomobil yolunun tikintisinin gələn il başa çatdırılması planlaşdırılır. Onun sözlərinə görə, gündəmdə olan digər layihələrə yeni konteyner terminallarının inşası da daxildir. Regionda formalaşan yeni sülh gündəliyi çərçivəsində Azərbaycanın təşəbbüsü ilə irəli sürülən Zəngəzur dəhlizi layihəsi, eləcə də onun Ermənistan seqmentində həyata keçirilməsi nəzərdə tutulan TRIP layihəsi əlavə imkanlar yaradır.
"Bu layihələr həm mövcud nəqliyyat şəbəkəsinin tamamlanmasına, həm də marşrutların şaxələndirilməsinə xidmət edir. Nəticədə quruda əlavə 15 milyon ton yükün daşınması üçün imkan yaranacaq. Hesab edirəm ki, regionda baş verən proseslər, Ursula Fon der Lyayenin qeyd etdiyi təşəbbüslər, o cümlədən Naxçıvan istiqamətində dəmir yolu layihəsi və liman infrastrukturunun inkişafı bu hədəfin daha da genişlənməsinə töhfə verəcək", - deyə Rauf Ağamirzəyev bildirib.
Onun sözlərinə görə, son illərdə Ələt limanında ən sürətlə artan yük kateqoriyalarından biri gübrə məhsulları olub. Bu isə Ələt limanının və ümumilikdə Azərbaycanın qlobal ərzaq təhlükəsizliyində rolunu daha da gücləndirir.
"O da nəzərə alınmalıdır ki, söhbət yalnız Azərbaycanın istehsal etdiyi gübrədən getmir. Ələt limanı vasitəsilə Türkmənistan, Özbəkistan və Qazaxıstanın gübrə məhsulları da daşınır. Bu baxımdan, regionun və Orta Dəhliz boyunca yerləşən ölkələrin qlobal ərzaq təhlükəsizliyinə töhfəsi getdikcə artır", - deyə ekspert əlavə edib.
Rauf Ağamirzəyev qeyd edib ki, digər tərəfdən, bölgədə baş verən müharibələr, sanksiyalar, həmçinin ənənəvi marşrutlar və ixrac kəmərlərində yaranan müəyyən problemlər Azərbaycanın terminallarına və neft kəmərlərinə tələbatı artırıb. Bu baxımdan növbəti illərdə neft məhsullarının da Orta Dəhliz vasitəsilə daşınması enerji təhlükəsizliyi nöqteyi-nəzərindən gündəmdə olacaq. Bölgə ölkələrinin zəngin qaz ehtiyatları olduğundan növbəti mərhələdə Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya daşınması məsələsi də gündəmdədir. Bununla yanaşı, son illərdə konteyner yüklərinin artması da müşahidə olunur.
“Ursula Fon der Lyayenin də qeyd etdiyi kimi, Azərbaycan son illər ərzində öz coğrafi üstünlüyünü nəqliyyat infrastrukturu ilə daha da möhkəmləndirib. Şaxələndirilmiş avtomobil yolları, dəmir yolu infrastrukturu, hava limanları, liman infrastrukturu, boru kəmərləri sistemi, yaşıl enerji layihələri, həmçinin sentyabrda Qazaxıstanla əlaqələndiriləcək internet fiber-optik kabel buna nümunədir. Sülh gündəliyi çərçivəsində bu layihələrin bir hissəsinin Ermənistan ərazisindən keçməsi də nəzərdə tutulur. Yəni Azərbaycan bu istiqamətdə üstün mövqeyə malikdir və bölgədə həyata keçirilən təşəbbüslərin önündə gedən əsas lokomotiv rolunu oynayır”, - deyə ekspert vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB