"Cənubi Qafqazın yeni reallıqları Azərbaycanın rolunu gücləndirib" - POLİTOLOQ DANIŞDI
"Azərbaycanın zəfəri nəinki geosiyasətdə, həm də Cənubi Qafqazın iqtisadi profilində böyük bir dəyişikliyə səbəb oldu. Şübhəsiz ki, bu dəyişiklik regionun üç ölkəsi ilə Avropa İttifaqı arasında münasibətlərə də təsirsiz ötüşmür. Hətta deyərdim ki, bu münasibətləri fundamental şəkildə dəyişdirir".
Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, bu fonda Avropa İttifaqı idarəetmənin, bağlantıların, insanlararası qarşılıqlı əlaqələrin, sektoral və iqtisadi əməkdaşlığın gücləndirilməsinə hər zamankından daha çox önəm verir:
"Çünki Avropa İttifaqı nə Cənubi Qafqazdan, nə də burada baş verən dəyişikliklərin gətirdiyi siyasi və iqtisadi dividendlərdən kənarda qalmaq istəmir.
Bu məsələdə Azərbaycanın fundamental yanaşması mövcuddur. Azərbaycan ilk gündən etibarən olduqca aydın siyasət yürüdür. Bu yolda ilkin hədəfimizə nail olmuşuq. Yəni, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsi amalı gerçəkləşdikdən sonra bütün tərəflərlə siyasətlərimizdə dəqiqləşdirmələr apardığımızı da diqqətə çatdırmışıq. Dəyişməyən milli maraqlardırsa, dəqiqləşmə bu maraqları heç bir rəqabət predmeti etməyəcəyimizdir. Bu istiqamətdə Azərbaycanın uğurunu təmin edən amillərdən biri ondan ibarətdir ki, heç bir halda, heç bir tərəfin diktəsini qəbul etmədən, qarşılıqlı faydalı əməkdaşlığı əsas götürərək, habelə milli maraqlarımızı da rəhbər tutaraq siyasətimizdə qətiyyət və davamlılıq nümayiş etdirmişik. Biz Qərb institutları ilə münasibətlərin müsbət istiqamətdə inkişafı üçün hər zaman addım atan tərəf olmuşuq. Lakin təəssüf olsun ki, bəzən adekvat cavab almamışıq.
Müxtəlif mərhələlərdə Qərb institutlarının Azərbaycana münasibətdə ikili standartlarının, sərt ritorikasının, hətta qeyd edərdim ki, qanun pozuntularının da şahidi olmuşuq. Buna baxmayaraq, Azərbaycan qətiyyətindən heç bir halda dönmədi. Biz Azərbaycana ümid edilən, pənah gətirilən əsas amildən heç bir zaman siyasi təzyiq vasitəsi kimi istifadə etmədik. Bu baxımdan da Azərbaycanla təhdid və şantaj dili ilə danışılmasını da qəbul edə bilmədik. Cənab Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayeni qəbul edərkən çıxışına çox önəmli sözlərlə başladı və bildirdi ki, Avropa Komissiyası ilə Azərbaycan arasındakı münasibətlər olduqca mühüm bir mərhələyə qədəm qoyub. Məhz bu açılış müsbət ritorikanın davam etdirilməsi üçün xüsusi önəm kəsb edirdi.
Çünki bu vacib mərhələdən, düşünürəm ki, hər bir tərəf rasional şəkildə yararlanmalıdır. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen dörd ildən sonra yenidən Azərbaycana səfər etdi. 2022-ci ildə imzalanan Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumundan sonra tərəflər arasında yeni bir səhifə açılmışdı və açılan bu səhifədə Azərbaycan heç bir halda ona ləkə salmadan qətiyyətlə addımladı. Bunu sübut edən amil təbii qaz ixracımızın 65 faizə çatmasıdır. Yəni, rəqəmlər öz sözünü deyir. Deməli, Azərbaycan sözündə və əməlində sinxron addımlar atır.
Cənab Prezident İlham Əliyev dünyada baş verən hadisələri və reallıqları aydın dəyərləndirən bir Lider kimi haqlı olaraq enerji təhlükəsizliyini milli təhlükəsizliyin nüvəsinə yerləşdirdi. Çünki Azərbaycan ötən müddət ərzində siyasi səylər göstərib, diplomatik fəaliyyət aparıb. Bu istiqamətdə uğurumuzu təmin edən amillərdən biri həm də infrastrukturun yaradılması idi. Maliyyə sərmayələrinin yatırılması bu məsələdə əsas hədəflərdən biri idi. Dörd böyük komponentdən ibarət 3500 kilometrlik Cənub Qaz Dəhlizi boru kəməri Avropa ilə Azərbaycan arasında münasibətlərin əsas sütununu təşkil edir. Bağlantılara gəldikdə isə Azərbaycan coğrafi mövqe reallığını imkan və fürsətlərə çevirməyi bacarıb. Bu baxımdan da bağlantıların hər bir aktor üçün ciddi əhəmiyyət kəsb etdiyi bir zamanda Azərbaycan Şərq-Qərb və Şimal-Cənub daşımalarının üzərində yerləşməklə sadəcə özünü uduşlu etmir. Bu istiqamətdə müxtəlif tərəflərə təkliflər edərək onları əməkdaşlığa dəvət edir. Buna görə də düşünürəm ki, Avropa Azərbaycanla münasibətlərin yüksələn xətt üzrə inkişafı baxımından korrekt hesablamalar aparmalıdır.
Bu münasibətlərə ziyan gəlməməsi üçün həssaslıq göstərilməlidir.
Lyayenin Azərbaycan Prezidentinin regionda sülhün və əməkdaşlığın təşviq olunmasında şəxsi liderlik keyfiyyətlərini nümayiş etdirməsi ilə bağlı fikri bir neçə istiqamətdə nəzərdən keçirilməli və yüksək qiymətləndirilməlidir. Azərbaycanın sülh mövzusunda qətiyyətlidir. Bunu sübut edən amillərdən biri ondan ibarətdir ki, Azərbaycan qonşuluqda daşıma infrastrukturuna böyük sərmayələr yatırır. Bu baxımdan Azərbaycan bütün Cənubi Qafqazın inkişafını əsas hədəf götürür. Avropa üçün önəmli aktorları inkişafdan kənar saxlamır. Cənubi Qafqaz Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən möhtəşəm kəsişmələrindən biri kimi dəyərləndirilirsə, həm də o məqam əsas tutulmalıdır ki, bu kəsişmələrdə Azərbaycan əsasdır. Bəli, Azərbaycan çox az sayda ölkənin bacara bilmədiyini bacardı, regional əməkdaşlığı və sahibliyi irəli aparmaq üçün qətiyyətli addımlar atdı. Ursula Fon der Lyayenin bunu qəbul etdiyi görünür.
Bu baxımdan da Lyayen bildirir ki, məhz buna görə biz Avropa İttifaqı–Azərbaycan bağlantı tərəfdaşlığının başlanılmasını təklif edirik. Bakıda Regional Bağlantı Sərmayə Konfransının təşkil edilməsi də özündə müsbət elementləri ehtiva edə bilər. Yetər ki, burada düzgün dəyərləndirmə olsun. Açıqlanan ikinci yeni xəbər kimi 20 milyon avro dəyərində olan Sülhün İnkişafı Proqramı ümidvericidir. Burada da bilinməlidir ki, fiziki sərhəd ideoloji sərhədi aşmadığı təqdirdə əhəmiyyət kəsb edir. Digər hallarda isə bu əhəmiyyətini itirə bilər. Bu gün Avropa İttifaqı və Azərbaycan arasında görünməmiş dinamika varsa, hər iki tərəf bundan faydalanmalıdır.
Ermənistan və Azərbaycan arasında sülh de-fakto vəziyyətdədir. Bunun isə de-yure səviyyəsinə qaldırılması vacibdir. Ursula Fon der Lyayen tərəfindən onilliklər ərzində baş vermiş ən mühüm hadisəyə istinadın vurğulanması real addımlarda da müşahidə olunmalıdır.
Bütövlükdə Ursula Fon der Lyayenin Azərbaycana səfəri müsbət qiymətləndirilməli, hər iki tərəf üçün faydalı fürsət kimi dəyərləndirilməlidir. Bu qiymətləndirmədə qarşı tərəfin bundan sonra atacağı addımların hər bir elementi göz önündə saxlanılmalıdır. Regionun liderliyi, Liderin şəxsi keyfiyyətləri prioritet olmaqla.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB