“Azərbaycan cəmiyyəti polis fəaliyyətinin ayrılmaz hissəsinə çevrilməlidir” - EKSPERT DANIŞDI

“Azərbaycan cəmiyyəti polis fəaliyyətinin ayrılmaz hissəsinə çevrilməlidir” - EKSPERT DANIŞDI

“ “Polis Günü” ifadəsindən daha çox “Polisin peşə bayramı” ifadəsinin işlədilməsi daha məqsədəuyğundur. Çünki bütün peşələrin öz peşə bayramı var. Bu baxımdan polislərin də peşə gününün və peşə bayramının olması olduqca vacibdir”.
Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev bildirib.

Onun sözlərinə görə, digər peşələrdən fərqli olaraq, polis əməkdaşları özləri üçün əziz olan bu günü də xidmət başında keçirirlər:

” Kimisi cinayətkarlıqla mübarizə aparır, kimisi ictimai asayişi və təhlükəsizliyi qoruyur, kimisi isə digər xidmət sahələrində fəaliyyət göstərir. Yəni polis hətta öz peşə bayramında belə xidmətindən geri çəkilmir, vəzifə borcunu layiqincə yerinə yetirməyə davam edir.

Daxili İşlər Nazirliyi bütövlükdə dövlətçilik sistemində çox vacib, müstəsna, zəruri və alternativi olmayan funksiyanı yerinə yetirir. Çünki hər bir ölkənin inkişafının, davamlılığının və təhlükəsizliyinin əsas şərtlərindən biri ölkədaxili sabitliyin və ictimai asayişin təmin olunmasıdır.

Əgər ölkədə sabitlik və ictimai təhlükəsizlik təmin edilmirsə, sosial-iqtisadi, mədəni və humanitar sahələrdə inkişafdan danışmaq mümkün deyil. Məhz buna görə də Azərbaycan polisi dövlətçilik sistemi üçün olduqca mühüm və əvəzolunmaz missiyanı həyata keçirir.

Eyni zamanda polis dövlət orqanları arasında qanunçuluğun keşiyində dayanan və fəaliyyəti cəmiyyətə ən açıq görünən qurumlardan biridir. Digər hüquq-mühafizə və xüsusi xidmət orqanlarının fəaliyyəti müəyyən qədər ictimai nəzarətdən kənarda qala bilər ki, bu da onların fəaliyyətinin xüsusiyyətindən irəli gəlir. Lakin polisin fəaliyyəti gecə-gündüz, ilin bütün günlərində cəmiyyətin gözü qarşısında həyata keçirilir.

Bu xüsusiyyət polis əməkdaşlarının üzərinə daha böyük məsuliyyət qoyur və onların fəaliyyətinin daha səmərəli təşkilinə şərait yaradır. Çünki onlar daim ictimaiyyətlə təmasda olduqları üçün fəaliyyətlərinə həm ictimai dəstək göstərilir, həm də zərurət yarandıqda obyektiv tənqid və təhlil edilir.

Bu baxımdan polisin fəaliyyəti ilə bağlı bəzən ayrı-ayrı neqativ fikirlər səsləndirilsə də, bu, bütövlükdə Azərbaycan polisinin fəaliyyətinə kölgə salmamalıdır. Əksinə, Azərbaycan cəmiyyəti polis fəaliyyətinin ayrılmaz hissəsinə çevrilməlidir.

Ölkədə qanunçuluğun və ictimai asayişin qorunmasını yalnız polisin üzərinə qoymaq düzgün yanaşma deyil. Cəmiyyət də polisə dəstək verməli, onun fəaliyyətinə sağlam münasibət göstərməli, zərurət yarandıqda obyektiv qiymətləndirmə aparmalı və dövlət qarşısında daşıdığı mühüm missiyanın həyata keçirilməsində onun ən yaxın tərəfdaşlarından biri olmalıdır.

Polisin fəaliyyətindən heç kim kənarda qalmamalı, özünü ona qarşı qoymamalıdır. İctimaiyyət polisin fəaliyyətində qüsur axtaran, ona ləkə yaxmağa çalışan tərəf kimi deyil, əksinə, dövlətçilik naminə həyata keçirdiyi mühüm fəaliyyətin bir hissəsi olmağa çalışan, ona dəstək verən tərəf kimi çıxış etməlidir.

Sonda Azərbaycanın bütün polis əməkdaşlarını, rütbə və vəzifəsindən asılı olmayaraq, səmimi-qəlbdən təbrik edirəm. Hesab edirəm ki, onların Azərbaycan dövləti qarşısındakı xidmətləri olduqca böyük və əvəzsizdir. Təkcə dövlətçilik baxımından deyil, cəmiyyət qarşısında da onların fəaliyyəti mühüm, şərəfli və yüksək əhəmiyyət daşıyır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə