"Azarkeş kimi ilk növbədə Portuqaliya yığmasının çempion olmasını arzulayıram" .
Bu fikirləri SİA-ya açıqlamasında Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdullayev bildirib.
Onun sözlərinə görə, komanda turnirə yaxşı başlasa da, sonrakı mərhələlərdə öz işini çətinləşdirdi və irəliləmək üçün daha mürəkkəb yolla üzləşdi:
"Messinin növbəti dəfə böyük turniri qələbə ilə başa vuracağına da tam əmin deyiləm. Şübhəsiz ki, Argentina yığmasında çox yüksək motivasiya və müsbət komanda atmosferi var. Ancaq unutmaq olmaz ki, indiyədək onlar ən güclü rəqiblərlə üz-üzə gəlməyiblər. Turnirdə doqquz Afrika komandasının pley-off mərhələsinə yüksəlməsi bir daha göstərdi ki, müasir futbolda güc balansı xeyli dəyişib və artıq zəif rəqib anlayışı əvvəlki kimi deyil.
Almaniya yığmasının uğursuz çıxışı isə turnirin ən çox müzakirə olunan mövzularından biridir. Məncə, Almaniya futbolunun yenidən yüksəlişə keçməsi üçün sistemli islahatlara və yeni baxışa ehtiyac var.
Türkiyə yığmasının erkən mübarizəni dayandırması təəssüf doğursa da, bu nəticə mənim üçün gözlənilməz olmadı. Qardaş ölkə millisinin əsas üstünlüyü həmişə əzmkarlığı və komanda ruhu olub. Bu keyfiyyətlər ustalıqla vəhdət təşkil etdikdə uğurlu nəticələr əldə edilirdi. Lakin bu turnirdə həm oyun keyfiyyəti, həm də mübarizə əzmi baxımından əvvəlki səviyyəni görə bilmədik. İspaniya isə daha oturuşmuş, daha balanslı və daha bütöv komanda təsiri bağışladı.
Braziliya yığmasına gəlincə, maraqlı məqamlardan biri odur ki, bəlkə də uzun illərdən sonra komandanın ən böyük üstünlüyü ulduz futbolçular deyil, baş məşqçinin yaratdığı sistem və oyun fəlsəfəsidir.
Turnirin əsas favoriti kimi isə Fransa yığmasını görürəm. Kənardan da aydın hiss olunur ki, futbolçularla baş məşqçi arasında qarşılıqlı inam və sağlam münasibətlər mövcuddur. Bundan əlavə, komanda bütün mövqelərdə yüksək səviyyəli futbolçulara malikdir və son illərin ən güclü dövrlərindən birini yaşayır".
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB