"İnnovativ idarəetmə modeli Azərbaycanın inkişafına yeni imkanlar açır" - ŞƏRH EDİLDİ
"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi ölkədə rəqəmsal transformasiya və innovativ inkişaf baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edim ki, Şuranın Müşahidə Şurasının sədri də məhz Mehriban Əliyevadır".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

O bildirib ki, Mehriban xanım çıxışında vurğuladı ki, Azərbaycanın gələcək inkişafı innovasiyalar, rəqəmsal texnologiyalar və informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi ilə birbaşa bağlıdır:
"O, Şura üzvləri qarşısında duran əsas vəzifələrin dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, vahid yanaşmanın formalaşdırılması və qəbul edilən qərarların vaxtında və səmərəli icrasının təmin edilməsindən ibarət olduğunu bildirdi. Bu yanaşma dövlət idarəçiliyində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Birinci vitse-prezident qeyd etdi ki, məqsəd yalnız yeni texnologiyaların tətbiqi deyil. Eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan vermək, müasir innovasiya ekosistemini formalaşdırmaq, yerli və xarici investisiyaları cəlb etmək, startapların inkişafına dəstək göstərmək və daha çevik, səmərəli dövlət idarəetmə sistemini qurmaq əsas prioritetlərdəndir.
Mehriban Əliyeva çıxışında süni intellektin müasir dövrün əsas inkişaf istiqamətlərindən biri olduğunu da xüsusi vurğuladı. O bildirdi ki, süni intellekt artıq dövlətlərin inkişafında və rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır. Həqiqətən də bu gün dünyada, o cümlədən müasir münaqişələrdə süni intellekt texnologiyalarının, pilotsuz uçuş aparatlarının və digər yüksək texnologiyaların tətbiqi bunun nə qədər aktual olduğunu göstərir.
Birinci vitse-prezident onu da qeyd etdi ki, dünyanın aparıcı ölkələrində süni intellektin inkişafı gözləniləndən daha sürətlə gedir. Bu isə bir tərəfdən yeni imkanlar yaradırsa, digər tərəfdən kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində yeni risklər meydana çıxarır. Buna görə də dövlət qurumları, cəmiyyət və bütün aidiyyəti strukturlar bu çağırışlara hazır olmalı, mümkün risklərin qarşısını vaxtında almağı bacarmalıdır.
Mehriban Əliyeva vurğuladı ki, qarşıya qoyulan məqsədlərə nail olmaq bütün dövlət qurumlarının koordinasiyalı və səmərəli fəaliyyətini tələb edir. Əsas hədəf Azərbaycanın rəqəmsal inkişafını sürətləndirmək, milli maraqları qorumaq və ölkənin dayanıqlı inkişafını təmin etməkdir.
O, həmçinin bildirdi ki, məqsəd Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahəsində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Hesab edirəm ki, bu, tamamilə real hədəfdir. Azərbaycan regionun güclü iqtisadiyyata, mühüm insan potensialına və geniş inkişaf imkanlarına malik ölkəsidir. Bu üstünlüklər rəqəmsal texnologiyalar sahəsində də lider mövqeyin əldə olunmasına imkan yaradır.
Mehriban xanım çıxışında onu da vurğuladı ki, beynəlxalq təcrübə diqqətlə öyrənilməli, uğurlu modellərdən istifadə olunmalıdır. Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına uyğun şəkildə qəbul edilməli və ölkənin strateji inkişaf hədəflərinə xidmət etməlidir.
Hesab edirəm ki, Rəqəmsal İnkişaf Şurasının ilk iclası vaxtında atılmış, mühüm və strateji əhəmiyyət daşıyan addımdır. Bu iclasda müəyyənləşdirilən hədəflər dövlət qurumları üçün yol xəritəsi rolunu oynayacaq və qarşıya qoyulan vəzifələrin uğurla icrası Azərbaycanın rəqəmsal transformasiya prosesini daha da sürətləndirəcək. Bununla yanaşı, ölkəmiz Cənubi Qafqazda bu sahədə lider mövqeyini daha da möhkəmləndirə biləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB