Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin olunması istiqamətində həyata keçirilən siyasətin ən mühüm nəticələrindən biri güclü və peşəkar ordunun formalaşdırılmasıdır. Bu baxımdan 26 İyun – Silahlı Qüvvələr Günü yalnız hərbi bayram deyil, həm də Azərbaycan Ordusunun keçdiyi inkişaf yoluna, qazanılmış uğurlara və əldə edilmiş tarixi nailiyyətlərə nəzər salmaq üçün mühüm bir tarixdir. Azərbaycan milli ordusunun əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulmuşdur. Müstəqil dövlətin mövcudluğunun əsas şərtlərindən biri olan milli hərbi qüvvələrin yaradılması həmin dövrdə dövlət quruculuğunun prioritet istiqamətlərindən hesab edilirdi. Sonrakı tarixi mərhələlərdə müxtəlif səbəblərdən bu ənənənin davam etdirilməsi mümkün olmasa da, Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordu quruculuğu məsələsi yenidən gündəliyin əsas mövzularından birinə çevrildi.1990-cı illərin əvvəllərində ölkədə mövcud olan siyasi qeyri-sabitlik, idarəetmədə yaranmış böhran və Ermənistanın hərbi təcavüzü Azərbaycan dövlətinin mövcudluğunu ciddi təhlükə ilə üz-üzə qoymuşdu. Məhz belə mürəkkəb bir şəraitdə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətçiliyin xilası ilə yanaşı, peşəkar və nizami ordu quruculuğunun da əsasını qoydu. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində müxtəlif silahlı dəstələr ləğv edildi, vahid komandanlıq sistemi formalaşdırıldı, hərbi intizam gücləndirildi və ordunun idarə olunmasında dövlət nəzarəti təmin edildi. Hərbi təhsil sisteminin inkişaf etdirilməsi, zabit hazırlığının təkmilləşdirilməsi və beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar müasir Azərbaycan Ordusunun formalaşmasında mühüm rol oynadı.Ümummilli Lider tərəfindən müəyyən edilmiş ordu quruculuğu strategiyası sonrakı dövrdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirildi. Dövlət büdcəsində müdafiə xərclərinin artırılması, ən müasir silah və texnikaların alınması, yerli müdafiə sənayesinin inkişaf etdirilməsi və şəxsi heyətin sosial təminatının gücləndirilməsi Azərbaycan Ordusunun yeni inkişaf mərhələsinə qədəm qoymasına şərait yaratdı. Son illərdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvələrindən birinə çevrildi. Ordunun döyüş qabiliyyətinin artırılması istiqamətində keçirilən genişmiqyaslı təlimlər, müasir idarəetmə sistemlərinin tətbiqi və hərbi hissələrin texniki imkanlarının gücləndirilməsi Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlıq səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltdi.Azərbaycan Ordusunun gücü və peşəkarlığı ilk növbədə 2016-cı ilin Aprel döyüşlərində öz təsdiqini tapdı. Həmin döyüşlər zamanı əldə olunan uğurlar uzun illər ərzində aparılmış ordu quruculuğu siyasətinin real nəticələrini nümayiş etdirdi. Strateji yüksəkliklərin və mühüm mövqelərin azad edilməsi ordunun döyüş hazırlığının yüksək səviyyədə olduğunu göstərdi. 2018-ci ildə Naxçıvan istiqamətində həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində minlərlə hektar ərazi nəzarət altına götürüldü və Azərbaycan Ordusunun strateji üstünlüyü daha da möhkəmləndirildi. Bu əməliyyatlar müasir hərbi idarəetmə və yüksək peşəkarlığın növbəti göstəricisi kimi qiymətləndirildi.Azərbaycan Ordusunun tarixində ən şanlı səhifə isə 2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə yazıldı. Sentyabrın 27-də başlayan əks-hücum əməliyyatları qısa müddət ərzində Azərbaycan hərb tarixinin ən böyük qələbəsinə çevrildi. Qələbənin zirvəsi hesab olunan Şuşa əməliyyatı Azərbaycan hərb tarixinin ən parlaq səhifələrindən biri kimi qiymətləndirilir. Mürəkkəb relyef şəraitində aparılan əməliyyat nəticəsində şəhərin azad edilməsi müharibənin taleyini müəyyənləşdirən əsas hadisəyə çevrildi. Şuşanın azad olunmasından sonra Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və bununla da Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi mərhələ başa çatdı. 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə ölkənin bütün ərazisində dövlət suverenliyinin tam bərpasını təmin etdi. Beləliklə, Azərbaycan Respublikası öz suveren hüquqlarını bütün ərazilərində tam şəkildə bərpa etmiş oldu.Bu gün Azərbaycan Ordusu müasir silahlanmaya malik, yüksək hazırlıqlı və peşəkar hərbi qüvvə kimi regionun təhlükəsizlik sistemində mühüm yer tutur. Ordunun əldə etdiyi uğurlar yalnız hərbi gücün nəticəsi deyil, eyni zamanda dövlətçilik ənənələrinin, siyasi iradənin, xalq-ordu birliyinin və uzunmüddətli strateji inkişaf konsepsiyasının məntiqi nəticəsidir. Azərbaycanın müasir tarixində qazanılmış ən böyük nailiyyətlərdən biri olan Böyük Qələbə güclü dövlət, qüdrətli ordu və Müzəffər Ali Baş Komandan amilinin vəhdətinin parlaq təzahürü kimi qiymətləndirilir. Bu qələbə ölkənin müstəqillik tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, Azərbaycan Ordusunun qüdrətini və xalqın sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirmişdir.
YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB