“Bu forum qlobal problemlərin həlli üçün mühüm platforma kimi qiymətləndirilə bilər” - ŞƏRH
“XIII Qlobal Bakı Forumu “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusu ilə müasir beynəlxalq münasibətlər sistemində çox aktual bir məsələyə diqqət yönəldir. Bu forumun əhəmiyyəti bir neçə əsas istiqamətdə qiymətləndirilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, dünya hazırda geosiyasi gərginliklərin artdığı, qlobal güc balansının dəyişdiyi və yeni çağırışların meydana çıxdığı bir keçid mərhələsindən keçir:
”Belə bir şəraitdə müxtəlif ölkələrin liderlərini, siyasətçiləri, ekspertləri və beynəlxalq təşkilat nümayəndələrini bir araya gətirən platforma kimi Qlobal Bakı Forumu dialoq üçün mühüm imkan yaradır. Bu, fikir mübadilələrinin açıq müzakirəsinə və qarşılıqlı anlaşmanın formalaşmasına xidmət edir. İkincisi, forum çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə töhfə verir. Müxtəlif regionlardan olan iştirakçılar qlobal problemlərə – təhlükəsizlik, enerji, iqlim dəyişikliyi, miqrasiya və digər məsələlərə – ortaq yanaşmalar axtarırlar. Bu isə təkcə nəzəri müzakirələrlə kifayətlənməyib, praktik əməkdaşlıq üçün zəmin yaradır.
Üçüncüsü, Azərbaycanın belə bir forumun ev sahibi kimi çıxış etməsi ölkənin beynəlxalq arenada vasitəçi və dialoq təşviq edən aktor kimi rolunu gücləndirir. Bakı platforması müxtəlif baxışların toqquşduğu deyil, uzlaşdırıldığı məkan kimi çıxış edir.
Nəhayət, forum qlobal idarəetmənin daha inklüziv və ədalətli modelinə ehtiyac olduğunu özündə ehtiva edir. Keçid dövründə olan dünyada mövcud fikir ayrılıqlarını aradan qaldırmaq üçün yalnız güc deyil, həm də dialoq, qarşılıqlı hörmət və əməkdaşlıq əsas vasitə kimi önə çıxır. Dünyamızın bu gün buna çox ehtiyacı var.
Ümumilikdə, XIII Qlobal Bakı Forumu beynəlxalq dialoqu təşviq edən, qarşıdurmaların yumşaldılmasına xidmət edən və qlobal problemlərin həlli üçün ortaq mövqe axtarışını gücləndirən mühüm platforma kimi qiymətləndirilə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB