"Azərbaycan və Çin birgə inkişaf yolunu tutublar" - DEPUTAT ŞƏRH ETDİ

“Prezident İlham Əliyevin bundan əvvəlki Çin səfərində hərtərəfli strateji tərəfdaşlığa dair sənədin imzalanması Azərbaycanın və Çin münasibətlərinin ən yüksək səviyyədə olmasını deməyə imkan verir”.
Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Deputatın sözlərinə görə, Azərbaycanın Çinin ərazi bütövlüyünü və suverenliyini tam olaraq dəstəkləməsi və buna qarşılıqlı olaraq da Çinin Azərbaycanın ərazi bütövlüyünü və inkişaf strategiyasını hərtərəfli dəstəkləməsi onu deməyə imkan verir ki, Azərbaycan və Çin birgə inkişaf yolunu tutublar: “Xüsusilə də Azərbaycanın Qara dənizdə yeni limanların istifadəyə verilməsi və icarəyə götürülərək yükdaşıma potensialının artırılması üçün həyata keçirdiyi yanaşmalar da orta dəhlizdən istifadə edən şirkətlər və region dövlətlər tərəfindən dəstəklənir. Çin tərəfindən Zəngəzur dəhlizinin açılması üçün müsbət dəstəyin verilməsi də Azərbaycan tərəfindən alqışlanmaqdadır. Bir sözlə, biz Çin və Azərbaycan arasında iqtisadi və ticari dövriyyənin günü-gündən artdığını əminliklə deyə bilərik. Xüsusilə də 2024-cü illə müqayisədə bu artımın nəzərəçarpan dərəcədə olması da bizi sevindirir”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycan-Çin münasibətləri ən yüksək səviyyədədir: “Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü tam olaraq dəstəkləyir. Cənab Prezident İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinlə baş tutan məhsuldar görüşdən sonra biz Azərbaycan-Çin münasibətlərinin daha da inkişaf edəcəyini görəcəyik. Xüsusilə qarşılıqlı viza rejiminin ləğv edilməsi artıq qarşılıqlı turist axınına da şərait yaradır. Yaxın 5-10 ildə Azərbaycan-Çin turizm imkanlarının artacağını görəcəyik. Nəticə etibarilə əldə edilən bütün razılıqlar Azərbaycan və Çin xalqının sosial rifahının yaxşılaşdırılmasına, qarşılıqlı birgə layihələrdə iştirak və iqtisadi gücümüzün artmasına gətirib çıxaracaq”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə