Azərbaycanda akvakultura torpaqlarının kateqoriyasına dair normalar dəqiqləşdirilir
Azərbaycanda akvakultura təsərrüfatlarına məxsus torpaqların kateqoriyası ilə bağlı normalar dəqiqləşdirilir. SİA xəbər verir ki, bununla bağlı Torpaq Məcəlləsində və “Balıqçılıq haqqında” qanunda dəyişiklik edilməsi təklif olunur.
Qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirə olunub.
Qeyd edilib ki, Ölkə Prezidentinin 28 sentyabr 2024-cü il tarixli fərmanı ilə “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları" təsdiq edilib və həmin Qaydaların 1.9-cu bəndində akvakultura təsərrüfatlarının istifadəsində olan torpaqların kateqoriyasının dəyişdirilməsinin tələb olunmaması müəyyən edilib.
Xatırladaq ki, akvakultura anlayışı balıq və digər su bioresurslarının, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin bərpası və əmtəə məhsulu əldə edilməsi məqsədi ilə balıqçılıq su obyektlərində artırılması, yetişdirilməsi, saxlanması və rekreasiya üzrə fəaliyyəti ehtiva edir.
Bütün xəbərlər Facebook səhifəmizdə