"Hələ davam edən COP29 artıq bir sıra məqsədlərinə çatıb" - MÜNASİBƏT BİLDİRİLDİ
"COP29 bəşəriyyətin diqqətini dünyadakı iqlim problemlərinə çəkməklə yanaşı, həm də həmin problemlərdən xilas yolunu göstərir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Cəlil Xəlilov deyib.
O bildirib ki, COP29-un bütün bəşəriyyət üçün əsl önəmi artan ekoloji problemlərin müzakirəsi ilə yanaşı, onlardan qurtulmaq üçün xilas yollarının gündəmə gətirilməsi, bu sahədə konkret qərarların qəbuludur: "Yəni, Azərbaycanda keçirilən COP29 dünyanı ekoloji fəlakətdən qurtarmaq üçün dönüş nöqtəsidir. Bütün dünya məhz COP29 sayəsində ekoloji fəlakətin nə qədər yaxında olduğunu, planetin gələcəyinin necə böyük təhlükə ilə üz-üzə qaldığını dərk etdi. Dünyanı bu fəlakətdən qurtarmaq üçün ya indi kritik, fundamental addımlar atılmalı, ya da bəşəriyyət öz məhvinə hazır olmalıdır.
Bakıda keçirilən COP29-da 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçib ki, onların arasında 80 prezident, vitse-prezident və Baş nazir var. Britaniya, İtaliya, İspaniya, Belçika, Danimarka, Finlandiya, Polşa, Yunanıstan, Çexiya, Xorvatiya, Serbiya və digər ölkələrin rəhbərlərinin, Avropa İttifaqı Şurasının Prezidentinin nümunəsində liderlərin iştirakı ondan xəbər verir ki, bu günlərdə bütün dünya Bakıya toplaşıb və planetin gələcəyi Azərbaycanda həll edilir".
"Hələ davam edən COP29 artıq bir sıra məqsədlərinə çatıb. Artıq beynəlxalq maliyyə korporasiyaları və bank strukturlarının açıqlamaları var ki, iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizə məqsədilə öz maliyyə töhfələrini artıracaqlar. Nümunə üçün qeyd edək ki, Dünya Bankı maliyyə töhfəsini 170 milyarda çatdıracağını bildirib və bu, kifayət qədər böyük rəqəmdir. Bütün bunlar COP29-dan əsas gözlənti olan yeni iqlim maliyyəsi hədəfi üzrə tarixi razılaşmanın əldə olunması üçün COP29-da danışıqlar üçün əla atmosfer yaradır, ekoloji mühitin yaxşılaşması, iqlim dəyişikliklərinə qarşı daha effektiv mübarizə üçün zəmin formalaşdırır” - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə