Milli Məclisin üzvləri Özbəkistanda səfərdədir - FOTOLAR

Azərbaycan Respublikası Milli Məclisin Səhiyyə komitəsinin sədri, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov və Milli Məclisin deputatı Ağalar Vəliyevin TÜRKPA Müşahidə Missiyasının tərkibində Ali Məclisin Qanunvericilik Palatasına keçirilən seçkilərin müşahidəsi məqsədilə Özbəkistana səfəri başlayıb. SİA xəbər verir ki, 25 oktyabr 2024-cü il tarixində TÜRKPA üzv ölkələrinin parlamentariləri və Katibliyin əməkdaşlarından ibarət nümayəndə heyəti Missiyanın proqramına uyğun olaraq Özbəkistan Mərkəzi Seçki Komissiyasının Sədri Zaynidin Nizamxodjavev ilə görüşüb. Daha sonra heyət Özbəkistanın Liberal Demokratik Partiyasının sədri Aktam Xaitov və Milli Dirçəliş partiyasının sədri Alişer Kadirov ilə görüşüb. Görüşlər əsnasında Azərbaycan və Özbəkistan arasında dostluq münasibətlərinə toxunan cənab Əmiraslanov bu münasibətlərin son illərdə daha da möhkəmləndiyini və yüksək səviyyədə olduğunu vurğulayıb.

Əhliman Əmiraslanov 44 günlük Vətən müharibəsində qardaş Özbəkistanın Azərbaycanın yanında olduğunu və onun siyasətini dəstəklədiyini xüsusi olaraq bildirib. Özbəkistanın Qarabağda həyata keçirilən layihələrdə yaxından iştirakının diqqətə layiq olduğunu vurğulayan cənab Əmiraslanov qardaş ölkə ilə əməkdaşlığın önəminə toxunub.

Bütün xəbərlər Facebook səhifəmizdə