Avropa İttifaqına üzvlüklə bağlı XAM XƏYALLAR - TƏHLİL

Avropa İttifaqına daxil olmaq məsələsi Ermənistanda ən çox müzakirə olunmaqdadır və bu ölkənin hakimiyyəti bununla bağlı güclü şəkildə təbliğat, piar kampaniyası da aparır. Ermənistan höküməti həmin ittifaqa daxil olmaq üçün hələ üstəlik Baltikyanı ölkələrdə fəal şəkildə dəstək belə axtarır. Bunu işğalçı ölkə hakimiyyətinin nümayəndələri etiraf da edirlər və məhz Ermənistan parlamentinin sədri Alen Simonyan öz ölkəsinin Avropa xalqlarının ümumi ailəsinə qoşulmağa hazır olduğunu, eləcə də yaxın vaxtlarda ölkəsində Avropa İttifaqına üzvlüklə bağlı referendumun belə keçiriləcəyini bildirib. Belə görünür ki, Ermənistanın hazırki hakimiyyəti xam xəyallara daha çox meyillidir.

Səfalət içərisində olan bir ölkənin Avropa ailəsinin bir hissəsi olmasına kimin razılıq verib-verməyəcəyi barədə deyəsən Ermənistan hökuməti, Paşinyan hakimiyyəti qətiyyən düşünmür. Yəni, doğrudan da elə hesab edirlər ki, Ermənistanın nə vaxt razılıq verəcəyini Avropa indi belə səbirsizliklə gözləyir? Həqiqətənmi elə düşübürlər ki, Avropa ailəsinə qoşulmaları barədə arzuları, bununla bağlı apardıqları təbliğat və Aİ-yə üzvlüklə bağlı keçirmək istədikləri referendum nəyi isə həll edə biləndir? “Ermənistan Avropa İttifaqının dəyərlərini bölüşür və Avropa İttifaqının bir hissəsi olmaq istəyir”, deyən Alen Simonyan bu istəyinin kimlər üçünsə maraqlı belə olmadığını da dərk etmir? Maraqlıdır, Ermənistan parlamentinin bir neçə gün əvvəl Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı referendumun keçirilməsi məsələsini artıq müzakirə etməsi barədə Alen Simonyanın danışdıqları da axı nəyə lazım idi? “Düşünürəm ki, bu referendum yaxın gələcəkdə baş tutacaq və əminəm ki, xalqımız “Bəli” deyəcək”, deyən Ermənistan parlamentinin sədri bunun mənasız olduğunu da dərk etmirmi? Dərk etmirmi ki, belə xam xəyallarda olmaqla Avropa İttifaqına üzv olmaq qətiyyən mümkün deyil və apardıqları təbliğat, piar tamamilə mənasızdır.

Doğrudur, həqiqətən də işğalçı ölkənin paytaxtanda, İrəvanda məhz Avropa İnteqrasiyası üzrə Daimi Parlament Komissiyasının təşəbbüsü ilə “Ermənistanın Avropa İttifaqına üzvlüyü üçün müraciətin verilməsi məsələsi üzrə referendumun keçirilməsi təklifi” mövzusunda parlament dinləmələri keçirilib. Amma bu o demək deyil ki, referendum keçiriləcək və referendumun nəticələrini nəzərə alaraq da Ermənistanı Avropa öz “qucağına” alacaq, yaxud da “qucaq” açacaq. Bəli, onu da bilirik ki, Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan da Litvaya səfər edib və səfər zamanı Avropa istiqamətində ikitərəfli əməkdaşlığın perspektivləri ilə bağlı nikbin bəyanatlar səsləndirib. Estoniyaya səfəri zamanı isə erməni nazir Ermənistanın Avropa istəklərinə öz həmkarını da inandırmağa çalışıb. “Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasında Estoniyanın iştirakını, həmçinin Ermənistan və Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanmasına verdiyi dəstəyi mən yüksək qiymətləndirirəm”, deyə erməni nazirin söylədikləri qətiyyən diqqətdən yayınan deyil. Hər halda, iqtisadi və siyasi baxımdan tamamilə Rusiyadan asılı olan Ermənistan kimi zəif bir ölkə üçün Avropa İttifaqına üzvlük bir qədər qeyri-adi təsəvvür bağışladığı bəllidir. Buna görə də haqlı olaraq, ermənilərin xam xəyallara düşdükləri qənaətinə gəlinir.

Diqqətə çatdıraq ki, haylar əvvəlcə Ermənistanın Avropaya inteqrasiyası ideyasını ortaya atmışdılar və bununla bağlı təbliğata da başlamışdılar. Belə bir ideya hətta Nikol Paşinyanın hakimiyyətə gəlməsindən lap əvvəl ortaya atılmışdı. Bu istiqamətdə ilk addımları Serj Sarkisyanın atdığı da, Ermənistanın artıq Avropa İttifaqı ilə Assosiasiya Sazişi imzalamağa yaxın olduğu barədə də məlumatlar yayılmışdı. Amma 2013-cü ildə Moskvanın ciddi təzyiqlərindən sonra Sarkisyan məhz Gömrük İttifaqına, daha sonra da Avrasiya İqtisadi Birliyinə daxil olmaq barədə qərarını açıqladı. Nəzərə çatdıraq ki, son zamanlar hayların Rusiya ilə münasibətlərində böhranın yaranması və Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri nəticəsində 2023-cü ilin sentyabrında Qarabağ üzərində nəzarətin son olaraq itirilməsi fonunda Ermənistan rəhbərliyi tam şəkildə Avropaya inteqrasiya kursunu müəyyənləşdirmək fikrinə düşüb.

Heç kim üçün sirr deyil ki, Ermənistan Avropa İttifaqından 270 milyon avro almağı gözləyir və bu, üçtərəfli Brüssel görüşünün nəticələrindən də artıq məlum olub. Eyni zamanda, Ermənistan ölkəni müasir silahlarla təmin etmək niyyəti ilə də Fransa ilə müdafiə əlaqələri qurmaq niyyəti güdür. Bunun üçün də işğalçı ölkə Avropa ailəsinin bir hissəsi olmaq arzusundadır. Amma məsələ burasındadır ki, Ermənistanın böyük Avropa ailəsinin bir hissəsi olmaq istəyi reallıqdan çox-çox uzaq görünür. Bunun da bir sıra səbəbləri var. “Andromeda bürcünə qoşulmaq üçün referendum keçirmək daha məqsədəuyğun olardı, çünki bu, daha realdır. Avropa Birliyinin elit bağında geosiyasi dilənçilərə yer yoxdur”, deyən Ermənistan Respublika partiyasının vitse-prezidenti Armen Aşotyanın bunun mümkünsüzlüyünü dəqiq qeyd edib. Hər halda onun qeyd etdikləri İrəvanda nəzərə alınmaqdadır. Heç şübhəsiz, bunu da nəzərə almaq lazımdır ki, burada bir coğrafi amil də var və Ermənistanın Avropa İttifaqı ölkələri ilə ümumi sərhədləri yoxdur və buna uyğun olaraq hər hansı ticarət-iqtisadi əməkdaşlıqdan söhbət belə gedə bilməz. Bununla belə, Avropa İttifaqı ilə assosiativ saziş imzalanandan cəmi on il sonra Ermənistanın gözü qarşısında Avropa İttifaqı üzvlüyünə namizəd statusunu alan Gürcüstan nümunəsi də var. Ermənistandan fərqli olaraq, Avropa standartlarına Gürcüstan çox yaxın olsa da, hələ də məsələnin reallaşmadığını rəsmi İrəvan çox yaxşı bilir və görür. Deməli, bütün bunların fonunda Ermənistanın məhz Avropa ailəsinə soxulmaq ümidi xam xəyaldan başqa bir şey deyil.

Onu da diqqətə çatdırmaq yerinə düşərdi ki, Ermənistan hansısa möcüzəyə arxalanaraq Avropa İttifaqı barədə xam xəyallar qura bilər. Çox güman ki, işğalçı ölkə ilk növbədə anti-Rusiya ritorikasının daha da genişləndirilməsi, eləcə də Qafqazda öz maraqlarını təbliğ etmək üçün Fransanın himayədarlığı sayəsində Avropa İttifaqına üzv olmağa ümid edir. Amma bununla belə yenə də yanılır. Əvvəla ona görə ki, bəzi məqamları nəzərə almamaq qətiyyən mümkün deyil. Məsələn, Avropa İttifaqı standartlarına tam uyğun gəlmək üçün Ermənistandan məhz daxili siyasətin genişmiqyaslı yenidən formalaşdırılması, yəni korrupsiyanın aradan qaldırılması, insan hüquqlarının müdafiəsi standartlarının tətbiqi və bazar iqtisadiyyatına keçid tələb ediləcək ki, bu da işğalçı ölkə üçün praktiki olaraq mümkünsüz məsələdir. Yəni, Ermənistan bunaların öhdəsindən gəlmək iqtidarında deyil və olacağına da qətiyyən ümid yoxdur. Deməli, üzvlük barədə hayların düşündükləri ancaq xam xəyallardır.

Bir məsələni də xatırlatmaq gərəkir ki, Avropa ailəsinin üzvü olması üçün Ermənistan Qərbin əsas şərtini, yəni Rusiyanın təsir zonasını tərk etmək şərtini qəbul etməli və bu şərti reallaşdırmalıdır. Hələlik, göründüyü kimi, Ermənistan rəhbərliyi bu istiqamətdə konkret addımlar nümayiş etdirməyib və konkret addılardan da çəkinir. Rəsmi İrəvam yalnız ölkənin KTMT-dən çıxması ilə bağlı bəyanatlarla kifayətlənir. Yəni, Paşinyan hökumətinin daha çox gözləmə siyasəti yeritməsi, iki kresloda oturmağa davam etməyə çalışması göz qabağındadır. Bu da ondan xəbər verir ki, rəsmi İrəvan Rusiyanı birdəfəlik tərk etməkdən qorxur. Ola bilsin ki, buna görə də Nikol Paşinyan hələ də geosiyasi vektorun dəyişməsindən danışmaqda tərəddüd edir. Yəqin ki, “Qərb və Avropa İttifaqı ilə münasibətlərin şaxələndirilməsi” ifadəsinə üstünlük verməsi də buna görədir. Deməli, bu baxımdan da ermənilərin Avropa ailəsinə qoşulmaq istəkləri reallaşacaq görünmür.

Əlbəttə ki, Avropanın məhz Ermənistandan istədikləri Rusiya Federasiyasının maraqlarına ciddi şəkildə toxunur və bunu açıq şəkildə də həmin ölkənin rəsmiləri bildirirlər. Rusiya rəsmilərinin ifadələrindən aydın şəkildə bəlli olur ki, Avropanın hal-hazırda Ermənistanı bəzi təhrikləri Moskva üçün qırmızı xətt sayılır. Bununla belə, Kreml böyük ehtimalla başa düşür ki, Avropaya inteqrasiya mövzusu Ermənistan hakimiyyətinin ritorikasından uzağa gedə bilməz. İlk növbədə ona görə ki, Rusiyanın rəsmi İrəvana təsir etmək üçün kifayət qədər lazımi alətləri, rıçaqları var və Qərbə doğru hər hansı real hərəkətlər olacağı təqdirdə rusların onlardan istifadə edə biləcəkləri təkzib edilə bilməz. Məsələn, Moskva erməni biznesinin öz bazarına çıxışını qadağan edə bilər və ermənilər üçün həmin bazarı başqası ilə əvəz etmək çətindir. Eyni zamanda, Rusiya enerji qiymətlərinə yenidən baxa bilər və bundan sonra Ermənistan həmin enerjini bazar qiymətləri ilə almalı olar ki, bu da haylar üçün arzuolunmazdır. Bir sözlə, Ermənistan ticarət və iqtisadi cəhətdən Aİİ-yə elə bir şəkildə bağlıdır ki, bu da Rusiya Federasiyası üçün güclü təzyiq rıçaqları deməkdir. Bir məsələni də diqqətdən qaçırmaq lazım deyil ki, rəsmi Moskva təhlükəsizlik məsələləri ilə bağlı da İrəvana mütəmadi olaraq xatırlatmalar edir. Rusiya Ermənistana daim xatırladır ki, “onun təhlükəsizliyinin təminatları” Moskvanın əlindədir. Bütün bu sadalanan məqamlar Ermənistanın Aİ-yə qoşulma məsələsini, özlərinin dedikləri kimi, Avropa ailəsinə üzv olma ehtimalını sıfıra endirir. Deməli, Avropa İttifaqına üzv olmaqla bağlı danışılanla boş və mənasızdır. Daha dəqiq desək, bu spekulyasiyalar belə qənaətə gəlməyə əsas verir ki, hazırda İrəvanın siyasi gündəminə Aİ-yə üzvlüklə bağlı qarşıdan gələn referendumla bağlı bəyanatların yerləşdirilməsi ilk növbədə daxili auditoriya üçün və eyni zamanda müəyyən dərəcədə Ermənistanda mövcud hakimiyyətin imicini və mövqeyini gücləndirmək məqsədi daşıyır. Əslində isə, ermənilərin “başbilənləri” yaxşı bilirlər ki, bütün bunlar xam xəyallardır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə