Şəhid İbrahim Sadıqlının anım mərasimi keçirilib - FOTOLAR

Bu gün İkinci Qarabağ müharibəsi şəhidi İbrahim Sadıqlının anım mərasimi keçirilib. SİA xəbər verir ki, anım mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Müdafiə Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti və Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları və şəhid valideynləri iştirak ediblər.

Anım mərasimində ilk olaraq YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılova söz verilib.

Sədr qeyd edib ki, Azərbaycan öz qəhrəman şəhidlərinin simasında bütün dünyaya böyük bir xalq olduğunu nümayiş etdirib: “Biz yalnız 44 günlük müharibədə qələbə qazanmaqla fəxr etmədik. Eyni zamanda, müharibədən sonrakı dövrdə övladlarını şəhid vermiş ailələrin nümayiş etdirdiyi səbir, dövlət başçısına göstərdikləri ehtiram ilə qürur duyduq. Şəhidlərimiz Vətən uğrunda böyük qəhrəmanlıq göstəriblər. Torpaqlarımızı düşmən tapdağından azad etmək üçün ölümün gözünə dik baxıblar.

Şəhid İbrahim Sadıqlının 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi qəhrəmanlıq da təsadüfi deyil. Çünki şəhidimiz milli Azərbaycan ailəsində böyüyüb. Bütün şəhidlərimizə rəhmət diləyir, ruhları qarşısında baş əyirik”.

Şəhid İbrahim Sadıqlının valideynləri də öz təəssüratlarını bölüşüblər.

Qürur hissi duyduğunu ifadə edən şəhid atası Şahin Sadıqov qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin gördüyü işlər göz qabağındadır: “Dövlət başçısı xalqına verdiyi bütün sözləri yerinə yetirib. Yenilməz Sərkərdəmiz İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı qələbə daimidir. Bugünkü gündə bütün dünya liderləri Azərbaycan Prezidentinə qibtə edir”.

Şəhid atası çıxışının sonunda şəhid ailələrinə və qazilərə göstərilən maddi və mənəvi dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildirib.

Şəhidin dostu Rəvan Bağırov isə deyib ki, İbrahim Sadıqlı şəhadətə yüksələcəyini öncədən hiss edirdi: “İbrahimlə 2011-ci ildə hərbi xidmət dövründə tanış olmuşuq. 9 illik dostluğumuz olub. İbrahimə “Bəlkə evlənəsən?” deyəndə artıq gec olduğunu bildirir və torpaqlarımız işğaldan azad edilmədikcə evlənmək istəmədiyini deyirdi. Son görüşümüzdə İbrahimi video-lentə almışdım. Həmin görüntülərdə o, şəhadətə yüksələcəyini vurğulayırdı. Dostum sanki şəhid olacağını öncədən hiss edirdi. İbrahim daim döyüş yoldaşlarının intiqamını almaq və xüsusilə də Xocalını azad etmək arzusu ilə yaşayırdı. Ömrü bu günləri görməyə yetməsə də, Xocalı artıq azaddır. İnanıram ki, dostum İbrahimin də ruhu şaddır”.

Daha sonra şəhid İbrahim Sadıqlının məzarı ziyarət olunub.

Xatırladaq ki, Azərbaycan Ordusunun giziri olan İbrahim Sadıqlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdəsavaşıb. İbrahim Sadıqlı oktyabrın 3-də Füzulinin azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə