“370 baş ceyranın respublikanın müxtəlif ərazilərinə reintroduksiyası həyata keçirilib”

Nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması istiqamətində aparılan mühüm işlərdən biri onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması və populyasiyalarının bərpasıdır. Reintroduksiya layihələri çərçivəsində ceyran Avropa bizonu, nəcib maral, hind tirəndazı, Şərqi Qafqaz turu, şahin qızılquşu və bezoar keçisinin tarixi yaşayış məskənlərində bərpasına nail olunur”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransında çıxışı zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

O bildirib ki, 2010-cu ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi həyata keçirilir. Layihə çərçivəsində 2024-cü ilin hazırki dövrünədək Şirvan Milli Parkından tutulmuş ümumilikdə, 370 baş ceyranın respublikanın müxtəlif ərazilərinə- Ağgöl və Abşeron Milli Parkları, Korçay Dövlət Təbiət Qoruğu, Qax Dövlət Təbiət Yasaqlığı, Şamaxı yolu (Pirəkəşkül), Cəbrayıl və Samux rayonuna, eləcə də, Gürcüstan Respublikasının Vaşlovani Milli Parkına reintroduksiyası həyata keçirilib.

Reintroduksiya layihələri çərçivəsində həmçinin 7 baş Hind Tirəndazı Hirkan Milli Parkının ərazisində, 4 baş Bezoar keçisi Naxçıvan Muxtar Respublikasının ərazisindən gətirilərək İlisu Dövlət Təbiət Qoruğunun ərazisində, 4 baş Şərqi Qafqaz turu və 10 baş Xınalı kəklik isə işğaldan azad edilmiş Laçın rayonu ərazisində təbiətə buraxılıb”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə