Azərbaycan - ŞƏT münasibətləri: böyük perespektivlərə doğru TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEVİN Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə dəvət edilməsi yüksək nüfuzun təcəssümüdür

İyulun 3-də Qazaxıstanın paytaxtı Astana şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti Zirvə görüşü keçirildi. “ŞƏT+” formatında keçiriləcək Sammitə 16 ölkənin dövlət və hökumət başçıları qatılıblar. Bu nüfuzlu təşkilatın Zirvə görüşünə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə də dövlətimizin başçısının dünya miqyasında nüfuzunun və yüksək ehtiramın ifadəsidir. Xatırladaq ki, dövlətimizin başçısı Şanxay Əməkdaşlıq Təşkilatının 2022-ci ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə görüşündə də iştirak edib.“Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr olunacaq Zirvə görüşündə ŞƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzuları müzakirə edəcəklər. Əsas siyasi sənəd olan Astana Bəyannaməsi ŞƏT-in bir çox aktual məsələlərlə bağlı mövqeyini ortaya qoyacaq, təşkilatın fəaliyyətini qiymətləndirəcək və gələcək üçün istiqamətləri müəyyənləşdirəcək.

Həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 9 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var. Xatırladaq ki, 2022-ci ilin sentyabrında Səmərqənddə keçirilən Zirvə görüşündə Belarusun bu təşkilat çərçivəsində statusunun üzv dövlət səviyyəsinə yüksəldilməsi prosesi başlanıb. Astana Sammitində Belarusun Şanxay Əməkdaşlıq Təşkilatına qoşulması barədə qərar qəbul ediləcək.Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.

Xatırladaq ki, hazırda ŞƏT-ə Qazaxıstan sədrlik edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ŞƏT-in Astanadakı Zirvə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə iştirak edir. Qürurverici haldır ki, Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.

Eyni zamanda onu da vurğulamaq lazımdır ki, Azərbaycan-ŞƏT münasibətlərinin inkişafı və əməkdaşlığın gücləndirilməsində Azərbaycan Prezidenti və dövlətimizlə yanaşı, həm də o təşkilata üzv olan dövlətlərlə Azərbaycanın münasibətlərinin əsasını qoyan Ümummlilli Liderin adını daşıyan Heydər Əliyev Fondunun əvəzolunmaz rolunu da qeyd etmək vacibdir. Şanxay Əməkdaşlıq Təşkilatı və ona üzv olan dövlətlərlə müxtəlif istiqamətlərdə əməkdaşlığı inkişaf etdirən Heydər Əliyev Fondunun münasibətlərimizə verdiyi ən önəmli töhfələr kimi 2018-ci ildə ŞƏT-in Pekindəki mənzil-qərargahında Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsini və 2021-ci ildə eyni məkanda Çin filosofu Konfutsidən sonra dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstünü qoyulmasını qeyd etmək olar.Bütün bu reallıqları nəzərə alan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlər həm müstəqil ölkələr kimi ikitərəfli qaydada, həm də təmsil olunduqları təsisatlarda, o cümlədən də təsisat çərçivəsində Azərbaycanla əməkdaşlığa böyük üstünlük verirlər.

ASTANA ZİRVƏ TOPLANTISINA PREZİDENT İLHAM ƏLİYEVİN DƏVƏT EDİLMƏSİ TƏBİİ Kİ, XARİCİ SİYASƏT UĞURLARIMIZIN MƏNTİQİ DAVAMIDIR

Azərbaycanın bu Sammitdə iştirakı ölkəmizin multilateralizmə verdiyi önəmin göstəricisidir. Azərbaycan ŞƏT-in demək olar ki, bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub və bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir. Təsadüfi deyil ki, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min bu ilin fevralında Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul edilərkən ölkəmizin ŞƏT-in fəal tərəfdaşlarından biri olduğunu və Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafına əhəmiyyət verdiklərini bildirib.

Bu mötəbər təşkilatla əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan ŞƏT-də müşahidəçi statusu almaq niyyətindədir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf edərək regionda ən nüfuzlu dövlətə çevrilən Azərbaycanın ŞƏT-də müşahidəçi statusu alması bu nüfuzlu qurum üçün də böyük önəm daşıyır. Belə ki, Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, özünü bütün dünyada mötəbər beynəlxalq qurumlara uğurla rəhbərlik edən ölkə, qlobal səviyyəli məsələlərin müzakirə olunduğu mühüm platforma kimi sübut edib. 2011-ci ildə dünyanın 155 dövlətinin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycanın BMT-dən sonra dünyada ən böyük təşkilat olan Qoşulmama Hərəkatına uğurlu sədrliyi, ölkəmizin bu il COP29 kimi ən nüfuzlu tədbirə ev sahibliyi etməsi Azərbaycan Prezidentinin dünyada böyük hörmət və nüfuz sahibi olmasının göstəricisidir. Xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin ŞƏT-in Astana Sammitində iştirakı Azərbaycanın COP29 ilə bağlı mesajlarının bu mötəbər platforma vasitəsilə bir daha çatdırılması, eləcə də bu istiqamətdə səmərəli müzakirələrin aparılmаsı bаxımındаn da çox əhəmiyyətlidir. Ümumiyyətlə, COP29 ərəfəsində ŞƏT-in sammitinin keçirilməsi də böyük önəm kəsb edir. Məlumdur ki, ŞƏT üzvlərinin mütləq əksəriyyəti rəsmi olaraq COP29-un ölkəmizdə keçirilməsinə dəstək ifadə ediblər. Sammit çərçivəsində keçirilən görüşlərdə və çıxışlarda COP29-un diqqət mərkəzində olması da mühüm məqamlardan xəbər verir. çünki qlobal iqlim dəyişiklikləri bütün dünyanı narahat edir. Bu baxımdan, məsələnin ŞƏT-in gündəmində olması da əhəmiyyətlidir.

Eyni zamanda, beynəlxalq aləmdə tolerantlığın və multikulturalizmin beşiyi kimi tanınan Azərbaycan dünyanın əksər ölkələri kimi, ŞƏT üzvləri ilə də humanitar sahələrdə fəal əməkdaşlıq əlaqələri qurub. Dövlətimizin başçısının yüksək diqqət və qayğısı ilə ölkəmiz dünyanı narahat edən ən mühüm humanitar məsələlərin müzakirə olunduğu forum və konfranslara yüksək səviyyədə ev sahibliyi edib. Azərbaycanın bu sahədə qazandığı hörmətin göstəricisidir ki, 2021-ci ildə ŞƏT-in Pekindəki mənzil-qərargahında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib, qərargahın binasında dahi şairin büstü ucaldılıb. Həmçinin dövlətimizin başçısının təşəbbüsləri ilə son illər həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən Azərbaycanın rolu getdikcə artmaqdadır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş strategiyanın uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın əsas yük axını istiqaməti olan Çin-Avropa-Çin arasında əsas körpüyə çevrilib.

Bir sözlə, ŞƏT ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə səsinin eşidilməsi, mövqeyinin çatdırılması baxımından vacib platformadır. Və Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı kimi mötəbər qurumun Sammitində növbəti dəfə iştirakı dünyada qətiyyətli və uzaqgörən lider kimi böyük nüfuz qazanmış Prezident İlham Əliyev şəxsiyyətinə dərin hörmət və ehtiramın göstəricisidir. Azərbaycanın bu tədbirdə iştirakı, eyni zamanda, ölkəmizin Şərq ilə Qərb arasında bütün sahələrdə mühüm körpü rolunu oynamasının əyani təsdiqi sayıla bilər.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə