Azərbaycanın uğurlu xarici siyasəti ŞƏRH

Məlumdur ki, dəqiq hesablanmış və düzgün qurulmuş Azərbaycanın xarici siyasi strategiyası milli maraqlara əsaslanaraq ölkələrlə qarşılıqlı anlaşma, hörmət, demokratik prinsiplər üzərində daim inkişaf edir. Məhz bu effektli siyasət, o cümlədən ədalətli mövqe, qətiyyətli addımlar dövlətimizi dünyada məsuliyyətli və etibarlı tərəfdaş kimi tanıdıb, regional liderliyini daha da möhkəmləndirib və qlobal aləmdə əsas aparıcı aktora çevirib. Eləcə də beynəlxalq münasibətləri həm nəzəri, həm də praktik səviyyədə dərindən bilən, geniş və məntiqli analitik təfəkkürə, məqsədyönlü, düşünülmüş siyasi baxışlara sahib olan Prezident İlham Əliyev istər regional, istərsə də beynəlxalq platformalarda dövlətimizin maraqlarını yüksək səviyyədə təmin edir. Ən əsası isə odur ki, Azərbaycan heç kimdən asılı olmayan, tamamilə müstəqil və sərbəst siyasət həyata keçirir. İmza atdığı beynəlxalq layihələr, irəli sürdüyü təşəbbüslər, həmçinin qlobal sülh və təhlükəsizliyə verdiyi davamlı töhfə dünya üçün son dərəcə səmərəli olub və yüksək qiymətləndirilib. Tərəddüdsüz ifadə edə bilərik ki, bu, Azərbaycanın uğurlu xarici siyasətinin mühüm əlamətidir.

Qeyd edək ki, bu gün Azərbaycanın xarici siyasətində xüsusi önəm daşıyan istiqamətlərdən biri də Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətlərdir. Dünyanın kifayət qədər nüfuzlu təşkilatı olan, ərazi və əhali baxımdan ən böyük bir neçə ölkəni özündə birləşdirən ŞƏT-lə ölkəmizin əlaqələri davamlı olaraq inkişaf edir. Bu təşkilatla Azərbaycan arasında əməkdaşlıq sahələrini nəzərdə tutan memorandum imzalanıb və ölkəmiz ŞƏT-də dialoq tərəfdaşı statusuna malikdir. Yeri gəlmişkən, burada təmsil olunan və bir araya gələn, demək olar ki, bütün dövlətlərlə ölkəmizin normal əlaqələri var. Təbii ki, bu da təşkilatla münasibətlərimizin genişlənməsinə münbit şərait yaradır. Eyni zamanda qarşılıqlı etimad, qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasi, ticarət, iqtisadiyyat və digər sahələrdə səmərəli əməkdaşlıq, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması kimi ŞƏT-nin məqsədləri Azərbaycan üçün də xüsusi önəm kəsb edir və ölkəmizin maraqlarına tam cavab verir.

Onu da qeyd edək ki, Azərbaycanın bütün sahələri əhatə edən davamlı inkişafı, regional güc mərkəzinə çevrilməsi, əlverişli təbii-coğrafi mövqeyi və təşəbbüskarı olduğu nəhəng layihələrin əhəmiyyəti ölkəmizin bu təşkilatla əlaqələrinə ciddi təsir edir. Eləcə də tranzit və nəqliyyat-logistika imkanları, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətinə göstərdiyi dəstək Azərbaycanı ŞƏT üçün cəlbedici edir. Orta Dəhliz kimi də tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin təşkilat və ona üzv dövlətlər üçün üstünlükləri böyükdür. Odur ki, Azərbaycanla əməkdaşlıqda ŞƏT daha çox maraqlıdır. ŞƏT-nin budəfəki - Qazaxıstanın paytaxtı Astanada keçirilən Zirvə görüşü də ölkəmiz üçün yaddaqalandır. Artıq ikinci dəfədir belə mötəbər tədbirə dövlətimizin başçısı dəvət olunur. Bu, Azərbaycan Prezidentinin şəxsi nüfuzu, dəyərli fikirlərinin və irəli sürdüyü təşəbbüslərin regional əməkdaşlıq üçün önəmini göstərir. Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyev Rusiya, Qazaxıstan, Türkiyə prezidentləri, Çin sədri və Pakistanın Baş naziri ilə görüşlər keçirdi, səmərəli danışıqlar aparıldı. Baş tutan bütün görüşlərdə qarşı tərəflər bir daha Azərbaycanla əməkdaşlıqdan məmnunluq ifadə etdilər, həmçinin əlaqələrin mövcud və yeni sahələr üzrə inkişafının vacibliyini bildirdilər. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul olunmasını xüsusi olaraq vurğulamaq yerinə düşər. Bu, hər iki ölkə arasında münasibətləri yeni müstəviyə daşıyacaq, siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirəcək. Bundan başqa, Bəyannamə beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə irəlilətməyə imkanlar yaradacaq.

Ən əsası, ŞƏT-nin Zirvə toplantısı, burada qəbul olunacaq Astana Bəyannaməsi, eləcə də təsdiqlənəcək qərar, bəyanat və təşəbbüslər iştirakçı dövlətlər, o cümlədən Azərbaycan üçün faydalı olacaq, ölkələrarası əməkdaşlığı daha da gücləndirəcək, beynəlxalq və regional problemlərin həllinə ciddi kömək edəcək.

Nizami Çıraqov,

YAP Göygöl rayon təşkilatı üzrə 2№-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə