Coğrafiyaçılar Xəzər sahillərində çöl-tədqiqat işləri aparıblar

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Nabran, Muxtadır, Beşbarmaq, Şabran ərazisinin dəniz sahilinin dinamikasını öyrənmək məqsədilə Xəzərin Azərbaycana aid şimal hissəsində ezamiyyətdə olublar.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, İnstitutdan bildirilib ki, Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri professor Əmir Əliyev başda olmaqla aparıcı elmi işçi Nazim Əhmədov və mütəxəssis Ramin Atakişiyev Xəzər dənizinin səviyyə tərəddüdləri ilə əlaqədar sahildə baş verən prosesləri öyrənib, son illərdə səviyyənin kəskin surətdə aşağı düşməsi ilə əlaqədar sahil zonasının geomorfoloji vəziyyətini tədqiq ediblər.

Sözügedən ərazidə tədqiqat zamanı 2011-ci ildə aparılmış müşahidələrdə istifadə edilən reper nöqtələrinin vasitəsilə həmin ildə müəyyən edilmiş rəqəmlərlə hazırkı vəziyyət müqayisəli şəkildə təhlil edilib, keçən 13 il ərzində baş verən dəyişikliklər aşkar edilib. Məsələn, müşahidə nöqtəsi kimi təyin edilən ağacdan dənizə qədər olan məsafə 50 metr idisə, indi həmin ölçü 200 metrə qədər artıb. 2011-ci illə müqayisədə dəniz səviyyəsinin 1,5 metr enməsi də müşahidə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə