Azərbaycanın iki sərbəst güləşçisi finala vəsiqə qazanıb

Azərbaycanın iki sərbəst güləşçisi Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlılar arasında Avropa çempionatında finala yüksəlib.

SİA xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Vasif Bağırov (57 kiloqram) fransalı Rasul Qalburayevə (11:0) və macarıstanlı Karoli Barata (tuş) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Yeniyetmələr arasında Avropa və dünya çempionumuz belaruslu Herbert Akapyana da heç bir şans tanımayıb – 10:3. Vasif finalda rusiyalı Lev Pavlovla güləşəcək.

Musa Verdiyev (65 kiloqram) polşalı Dominik Yaquşa 5:2 hesabı ilə qalib gəlsə də, 1/4 finalda fransalı Xızır Dasıyevə 3:7 hesabı ilə məğlub olub.

Ramik Heybətov (70 kiloqram) polşalı Zəlimxan Mutsukayevlə (3:2) yunanıstanlı Georgios Yakemidisi (3:1) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda almaniyalı Rostislav Lextə uduzub – 2:3.

Nurudin Maqomedqadjiyev (79 kiloqram) 1/8 finalda türkiyəli Cengizhan Doğana 1:4 hesabı ilə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Nurudin sabah təsəlliverici görüşdə litvalı Paulius Leskauskasla qarşılaşacaq.

Xetaq Karsanov (97 kiloqram) slovakiyalı Adam Jaksik (3:0) və moldovalı Konstantin Buzanı (10:0) yolundan kənarlaşdıraraq yarımfinala yüksəlib. Xetaq yarımfinalda gürcüstanlı Ramini Qulitaşvilini də vaxtından əvvəl məyus edib – 11:0. Karsanov sabah finalda rusiyalı Şaxman Nuxayevlə güləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə