“Ermənistan mina terroru vasitəsilə öz məqsədlərinə çatmaq istəyir” - ŞƏRH EDİLDİ

“Vətən müharibəsindən sonra regionda sülh və təhlükəsizlik əleyhinə ən böyük maneələrdən biri mina təhdidi ilə bağlıdır. Ermənistan mina terroru vasitəsilə öz məqsədlərinə çatmaq istəyində olub və torpaqlarımızın işğalı dövründə bütün ərazilərimiz minalanıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, piyada və tank əleyhinə minaların Vətən müharibəsindən sonrakı qurbanları da çoxalır. Bu da şübhəsiz ki, bölgənin yenidən qurulmasına, inkişafına, tərəqqisinə mane olur.
Eyni zamanda vətəndaşlarımızın öz tarixi torpaqlarına qayıdış prosesini əngəlləyir. Digər tərəfdən isə Ermənistanın Azərbaycana verdiyi minaların xəritələri və sxemləri ilə bağlı da təhrif olunmuş məlumatlar Ermənistanın riyakar niyyətini və düşmənçilik xislətini büruzə verir. Beynəlxalq ictimaiyyət Ermənistana təzyiq etməlidir ki, həqiqi xəritələr Azərbaycana verilsin. Təəssüflər olsun ki, belə bir təzyiq mexanizmlərinin tətbiq olunduğunu da biz görürük.

Bununla yanaşı beynəlxalq təşkilatlar, ayrı-ayrı geosiyasi güc mərkəzləri də Azərbaycana lazımi diqqəti göstərmir, maddi yardım ayrılmır. Bu istiqamətdə müxtəlif pozitiv məqamlar da böyük problemin həll edilməsində acizdir. Sözügedən problem hazırda Qarabağın və Şərqi Zəngəzurun inkişafı yolunda əsas əngəl olmaqla bərabər, həm də Qarabağın və Şərqi Zəngəzurun iqtisadiyyatının Azərbaycan iqtisadiyyatına töhfə verməsində də böyük problemlər formalaşdırır. Çünki minalar kənd təsərrüfatına yararlı ərazilərdə basdırılıb. Bu da ölkəmizin dayanıqlı inkişafını ləngidən amildir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə