7 nəfər əlilliyi olan şəxs xüsusi idman protezləri ilə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində müharibə ilə əlaqədar daha 7 nəfər əlilliyi olan şəxs yüksək texnologiyalı xüsusi idman protezləri ilə təmin edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, jurnalistlərin xüsusi idman protezləri ilə təminatı prosesi ilə yaxından tanışlığı üçün həmin mərkəzə mediatur təşkil olunub.

Media nümayəndələrinə bildirilib ki, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial dəstəklə əhatə olunması və reabilitasiyası sahəsində görülən işlərin bir istiqaməti də onların yüksək texnologiyalı, son nəsil protezlərlə təminatıdır.

2020-ci ilin dekabr ayından nazirlik tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan 476 şəxs 572 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edilib. Protezlər funksional üstünlükləri ilə həmin şəxslərə dəyişən məkanlarda və məqamlarda da hərəkəti sərbəst, tam və daha dəqiq tənzimləməyə, tez və rahat inteqrasiyaya imkan verir.

Növbəti mərhələ olaraq müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı xüsusi idman protezləri ilə də təminatına başlanaraq həmin proses davam etdirilir.

Həmin protezlər Danimarkanın “Levitate” şirkətinin Türkiyə və Azərbaycan üzrə təmsilçisi olan “Bionic Center Prosthetics Orthotics” tərəfindən istehsal edilir və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin qaçış və digər bir çox idman oyunlarında daha sərbəst və aktiv şəkildə, rahat hərəkətlər etməsinə şərait yaradır.

Media nümayəndələri son zamanlar Mərkəzin bir sıra istehsal və digər xidmət sahələrində tətbiq edilən yeniliklərlə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə