AzMİU tələbələrinin "Məzun günü” keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) tələbələrinin “Məzun günü” keçirilib. Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil edilən mərasimdə universitet rəhbərliyi, akademik heyət, rəsmi qonaqlar, məzunlar onların valideynləri iştirak ediblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Mərasimdə çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova 2023/2024-cü tədris ilində universiteti bitirən məzunların statistikasını açıqlayıb və onların ölkəmizin tikinti-quruculuq işlərinə, xüsusilə azad edilmiş ərazilərimizin dirçəldilməsi işinə verəcəkləri töhfəyə diqqət çəkib: “Başa vurduğumuz tədris ilində AzMİU-dan 2 mindən çox tələbə məzun olur. Onlardan 12 nəfəri (3 bakalavr və 9 magistr) universitetimizi fərqlənmə diplomu ilə bitirir. AzMİU-da ümumilikdə bakalavriat səviyyəsində 27 ixtisas üzrə tədris aparılır. Bu il 3 yeni ixtisas – nəqliyyat mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi və sənaye mühəndisliyi ixtisasları üzrə də buraxılışımız oldu. Bu ixtisaslar üzrə cəmi 80 tələbə bu gün məzun adı qazanır. Əlbəttə ki, ölkəmizdə aparılan geniş quruculuq işləri hamımızı sevindirir. Azərbaycan inkişaf edir, güclənir. Bu gün AzMİU-dan məzun edəcəyimiz gənclərin bu işlərə böyük töhfə verəcəkləri şübhəsizdir. Onların hər birinin müasir, yaradıcı, bütün yeniliklərə açıq, dünyada gedən proseslərə bələd olan gənc mütəxəssislər kimi azad edilmiş ərazilərimizin dirçəldilməsi işinə də dəstək göstərəcəyinə əminəm”.

Rektor çıxışında 2023/2024-cü tədris ilində əldə olunan uğurlara da diqqət çəkib: “Universitetimiz üçün bu il yaddaqalan hadisələrlə zəngin il oldu. Tələbatı nəzərə alaraq dizayn ixtisasını Memarlıq fakültəsindən ayırdıq və ayrıca bir fakültəyə çevrildi. Xarici universitetlərlə həyata keçirilən ikili diplom proqramları çərçivəsində yeni uğurlar əldə olundu. İngiltərənin qabaqcıl ali təhsil müəssisəsi olan Vestminister Universiteti ilə ikili diplom müqaviləsi imzalandı və bununla bu cür proqramlarımızın sayı 6-ya çatdı. Yeri gəlmişkən qeyd edim ki, aktiv ikili diplom müqavilələrinin sayının artırılması üzrə sistemli iş aparırıq. İlin ən yaddaqalan hadisəsi universitetin 4 ixtisası üzrə beynəlxalq akkreditasiyanın əldə edilməsi oldu. İnşaat mühəndisliyi ixtisası üzrə həm bakalavriat, həm də magistratura, nəqliyyat tikintisi ixtisası üzrə isə bakalavriat səviyyəsində Beynəlxalq Akkreditasiya və Reytinq Agentliyinin (İAAR) akkreditasiyasını əldə etdik. Bununla yanaşı, memarlıq ixtisasımız nüfuzlu Britaniya Memarlarının Kral İnstitutunun (RIBA) ikinci dəfə 5 illik akkreditasiyasından keçərək uğurunu yenilədi. Əlbəttə ki, bu, universitetimizlə yanaşı, ölkəmiz üçün də böyük nailiyyətdir, məzunlarımız üçün sərhədsiz iş imkanıdır”.

Rektor sonda məzunlara müraciət ünvanlayıb: “Əziz məzunlar! Müasir dünyada elm sürətlə inkişaf edir, hər gün mühüm bir yeniliyin şahidi oluruq. Bütün bunlar siz gənclər üçün böyük imkanlar yaradır. Müasir dövrün yeniliklərini dərindən mənimsəmək günümüzün tələbinə çevrilib. Fəal və cəsarətli olmaq, əldə etdiyiniz bilikləri daha da inkişaf etdirmək, müxtəlif sahələrdə yeni ideyaları ortaya qoyaraq onları reallaşdırmaq sizin əlinizdədir. Prezident İlham Əliyev bizi inamlı addımlarla daha gözəl gələcəyə aparır və bu yolda sizin kimi parlaq, savadlı, cəsur və vətənpərvər gənclərə arxalanır. Hər biriniz dövlətimizin müstəqilliyini, xalqımıza məxsus nəcib dəyərləri qorumalı, ölkəmizin daha da inkişaf etməsinə və güclənməsinə çalışmalısınız. Əminəm ki, bu gündən etibarən verdiyiniz bütün qərarların, atdığınız hər bir addımın əsasını xoş niyyət, xeyirxahlıq və ədalət təşkil edəcək”.

Sonra rektor və mərasimin fəxri qonaqları AzMİU-nun müxtəlif fakültələrini əla qiymətlərlə bitirmiş tələbələrə fərqlənmə diplomlarını təqdim ediblər. Eləcə də təhsildə və ictimai işlərdə fərqlənən tələbələrə mükafatlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə