Böyük Qayıdışımızın yeni səhifələri TƏHLİL

30 ilə yaxın bir zamanda Ermənistanın işğalı altında olan torpaqlarımız azad olunduqdan sonra qısa bir zaman ərzində quruculuq-abadlıq meydanına çevrildi. Zəfər qazanmağımızdan 3 ildən artıq bir müddət keçsə də görülən işlərin miqyası genişdir. Sürətlə aparılan işlər və Azərbaycan Prezidenti İlham Əliyevin bu ərazilərə mütəmadi olaraq səfər etməsi, eləcə də imzaladığı sərəncamlar, verdiyi tapşırıq və qərarlar Qarabağ və Şərqi Zəngəzurun sürətlə və keyfiyyətli yenidən qurulmasında özünü göstərir. Cənab Prezident müharibədən sonra azad olunmuş ərazilərə şəxsən səfər edir, həmin torpaqlardan qarşıda duran vəzifələrlə bağlı mesajlarını verir. Hər bir ərazidən qalib ordunun və dövlətin qalib SƏRKƏRDƏSİ kimi səsini ucaldır, mesajlarını verir, dünya bunu görür və eşidir.

Əzəli sakinlərimiz artıq doğma torpaqlarına qayıdıblar və Böyük Qayıdış davam etməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi, antiterror əməliyyatı xalqımızın gücünü, iradəsini ortaya qoymuş oldu. Əsgər və zabitlərimizin qəhrəmanlığı bütün dünyaya nümayiş olundu. "Onların qəhrəmanlığı, fədakarlığı sayəsində biz bu gün buradayıq. Onlar sinələrini qabağa verərək düşmənə elə bir sarsıdıcı zərbə endirmişlər ki, əminəm, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək", - deyə Prezident çıxışlarının birində bildirmişdir.

BÖYÜK QAYIDIŞ PROQRAMININ XOCALI SƏHİFƏSİ

İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən, imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq Xocalı şəhəri Rusiya Sülhməramlı kontingentinin nəzarəti altında olub. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. "Xocalıda, Xankəndidə, o vaxt hələ ki, azad edilməmiş digər şəhər və kəndlərimizdə separatçılar at oynadırdılar. Onlar hesab edirdilər ki, burada separatçılıqla əbədi məşğul olacaqlar. Halbuki bunun heç bir hüquqi, tarixi əsası yox idi. Xocalı qədim Azərbaycan torpağıdır. Mənfur düşmən soyqırımı törədəndən sonra burada qanunsuz məskunlaşma da aparmışdır. Bu da hərbi cinayət sayılır. Xocalının adını da dəyişdirməyə, bir hərbi cinayətkarın adına rəsmiləşdirməyə çalışırdılar. Ancaq hər şeyin vaxtı var və biz qayıtmışıq, həm Vətən müharibəsi, həm antiterror əməliyyatı xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!" – deyə Prezident bildirib.

İşğaldan azad olunun digr ərazilərimiz kimi bir gecənin içində ermənilər tərəfindən məhv edilən və 32 ildən sonra əzəli sakinlərin qoynuna alan Xocalı şəhərində də böyük canlanma müşahidə olunmaqdadır. Bir gecənin içində məhv olan, sakinləri dərbədər düşən, qocası, uşağı zillətlə məhv edilən bir torpağa qayıtmışıq. "Antiterror əməliyyatından dərhal sonra dedim ki, birinci növbədə biz Xocalını bərpa etməliyik", - deyə Prezidentimiz bildirmişdir. Birinci mərhələdə 20 ailə Xocalıya qayıtdı. Bu qayıdış Müstəqillik Günündə baş tutdu.

Artıq Xocalıda ədalətin təntənəsi yaşanılır, yeni bir dövr başlanıb. Artıq Böyük Qayıdış proqramının Xocalı səhifəsi yazılıb. İyunun 5-də Xocalıya səfər edən Azərbaycan Prezidenti İlham Əliyev Xocalı hava limanında olub.

Artıq Xocalının gələcək inkişafı ilə bağlı Baş planı da hazırlanıb. Baş Plana əsasən, ilk mərhələdə 12 min nəfərlik şəhər planlaşdırılır. Eyni zamanda, ehtiyat üçün də ərazilər saxlanılır.

Xocalı bir regional mərkəz kimi davamlı surətdə inkişaf etməlidir. Burada həm bütün zəruri sosial, inzibati xidmətlər, mədəni mühit yaradılacaq. Ticarət, ictimai iaşə fəaliyyətləri üçün geniş imkanlar, təbiətlə daim təmasa imkan verən rekreasiya əraziləri demək olar ki, bütün şəhər boyu, yaşıl məkanlarla əlaqələndirilmiş komfortlu yaşayış əraziləri nəzərdə tutulub. Əsasən 3-5 mərtəbəli yaşayış binaları, həyətyanı sahələrə malik fərdi evlər inşa oluunacaqdır.

Bildiyimiz kimi cari ilin fevralın 26-da Xocalı soyqırımı günü Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoymuşdu. Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılacaq. Xocalı Soyqırımı Memorialı bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsində əhəmiyyətlidir. Bu gün Xocalı yenidən qurulur. Xocalı şəhərinin yenidən qurulması üzrə birinci mərhələ 167 hektar və 18 hektar olmaqla iki hissədən ibarətdir. Birinci mərhələdə 167 hektar ərazidə 140 fərdi ev, 48 kottec tipli ev və 9 binadan ibarət 110 evdə tikinti, təmir-bərpa və abadlıq işləri görülür. Bütün kommunikasiya xətləri yerin altına salınıb, ilk 50 evə birləşmələr verilib. Şəhər üzrə kommunikasiya işlərinin 90 faizi icra edilib. Həmçinin 18 hektar ərazidə yerləşən fin tipli 92 evdə isə tikinti, təmir-bərpa və abadlıq işləri həyata keçirilir. Bunlardan əlavə, Xocalı şəhərinin girişində - çay kənarında bulvarın salınması işləri davam edir.

Xocalı şəhərində orta təhsil müəssisəsi və uşaq bağçası da inşa olunub. Məktəbin qarşısında park, onun yanında isə sənətkarlar məhəlləsi salınıb. Həmçinin idman kompleksində tamamlanma işləri görülür. Kompleksdə şahmat, cüdo, güləş, gimnastika, stolüstü tennis, basketbol, minifutbol, badminton ilə məşğul olmaq üçün lazımi şərait yaradılacaq. İnfrastruktur işlərinin yaxın müddətdə tamamlanması nəzərdə tutulur.

XANKƏNDİ ŞƏHƏRİNDƏ YENİ İNFRASTRUKTUR

Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. Dayanıqlı sülhə, tərəqqiyə əsaslanan Azərbaycan Vətən müharibəsindən ötən müddətdə azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması istiqamətində kifayət qədər layihələri həyata keçirib. Eləcə də nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. Məlumdur ki, ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək, ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək, əhalinin məşğulluq imkanlarını artırmaq, dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək və s. məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. I Dövlət Proqramına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bütün bunlarla yanaşı, Prezident İlham Əliyevin imzaladığı "Qarabağ Universitetinin yaradılması haqqında" məlum Sərəncamına əsasən, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində "Qarabağ Universiteti" publik hüquqi şəxs yaradılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində Qarabağ Universitetində görülən işlərlə tanış olub.

Azərbaycan Prezidenti Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra "Qarabağ" hotelinin, "Palace" hotelinin açılışında iştirak iştirak edib. Bütün bunlar Xankəndidə aparılan abadlıq-quruculuq işlərinin təzahürüdür.

ŞUŞAMIZ YENİDƏN DİRÇƏLİR

Bu gün Şuşa şəhərində də görülən işlərin miqyası çoxdur. Hər daşı, hər abidəsi yenidən qurulur. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Şuşada Gövhərağa məscidinin bərpası Azərbaycanın öz dərəylərinə milli-mənəvi islami dəyərlərinə olan ehtiramın nümunəsidir. Dövlət başçısının bildirdiyi kimi, "Bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşanın bərpa edilməsi artıq başlanmışdır. Verilən göstərişlər yerinə yetirilir".

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Şuşada abadlıq-quruculuq işləri geniş vüsət alıb. Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksi açılıb. Qeyd edək ki, Mehmandarovların malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunub. Yaşayış kompleksinə böyük yaşayış binası, kiçik yaşayış binası, ailə məscidi və bulaq daxildir. 2021-ci ilin oktyabr ayından etibarən, Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılıb, bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Heydər Əliyev Fondunun Qarabağdakı bərpa layihələrinin bir hissəsi isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində həyata keçirilir. Bunların sırasına dahi Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün yenidən qurulması, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin Şuşada yenidən ucaldılması və digərləri daxildir. Bütün bunlarla yanaşı, Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışı olub. Şuşa şəhərindəki Yaradıcılıq Mərkəzinin hazırkı binası ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır. Azad Şuşamız müasir bir məkana çevrilir. Şuşada Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışı, Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının açılışları və s. Şuşanın yenidən qurulmasının təzahürüdür. Şuşa yaşayır və qaynar, yeni dövrü onun işıqlı gələcəyinin lap yaxında olduğundan xəbər verir.

Prezident İlham Əliyevin Şuşaya səfəri çərçivəsində "İsa bulağı" istirahət kompleksinin açılışını edib. Daha sonra isə Şuşa sutəmizləyici qurğular kompleksinin, Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışlarını edib. Şuşada Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa məscidində bərpa işləri aparılıb. Aşağı Gövhər Ağa məscidi XIX əsrdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib. Tarixi mədəniyyət abidəsi olan Aşağı Gövhər Ağa məscidi işğal dövründə ermənilər tərəfindən vandalizmə məruz qalmışdır. Ötən müddətdə yerli və beynəlxalq ekspertlər məscidin mövcud vəziyyətinə dair qiymətləndirmə və layihələndirmə işləri aparıblar. Buna uyğun olaraq "PAŞA Holdinq"in dəstəyi ilə məsciddə bərpa-təmir işləri həyata keçirilib. Bərpa işləri Avstriya, İtaliya, Latviya və Türkiyədən olan mütəxəssislərin nəzarəti ilə aparılıb. Ötən müddətdə məscidin minarələri bərpa olunub, dam və döşəmə örtükləri dəyişdirilməklə bir sıra təmir işləri həyata keçirilib.

Qeyd edək ki, Heydər Əliyev Fondu Şuşada bir sıra tarixi mədəniyyət abidələrimizin, o cümlədən məscidlərin bərpa və tikinti işlərini həyata keçirir. Artıq bərpası başa çatmış Yuxarı Gövhər Ağa, Saatlı məscidləri bu ilin may ayında istifadəyə verilib. Görülən işlərin miqyası böyükdür.

Göründüyü kimi, Böyük Qayıdış üçün lazımı tədbirlər həyata keçirilir və burada reallaşdırılan infrastruktur layihələr və tədbirlər bir daha sübut edir ki, müqəddəs şəhər yenidən dirçəlir, inkişaf edir, geniş abadlıq və quruculuq meydanına çevrilib.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə