“Kömək” məqsədilə vətəndaşın kartındakı pulu ələ keçirən şəxs saxlanılıb

Ağsu şəhərində naməlum şəxs bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan 1000 manatı ələ keçirib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Rayon sakini polisə müraciətində bildirib ki, yetkinlik yaşına çatmayan nəvəsi bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan 1 nəfərə müraciət edib. Həmin şəxs kartı bankomata daxil edəndən sonra hesabda olan 1500 manat pulun 500 manatını yeniyetməyə verərək hesabında əlavə pulun olmadığını bildirib, qalan 1000 manatı isə özü götürürərək ərazidən uzaqlaşıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən 1982-ci il təvəllüdlü Tapdıq Əzizov saxlanılıb. Araşdırmalarla onun eyni üsulla daha bir şəxsin də kartından pul oğurladığı müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə