Havanın çirklənməsi səbəbindən dövlət qurumları bağlanıb

İranın Qum şəhərində havanın çirklənməsi səbəbindən dövlət müəssisələri və məktəblər bağlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, İranın rəsmi xəbər agentliyi "İRNA" Qum əyalətinin ictimaiyyətlə əlaqələr idarəsinin verdiyi yazılı açıqlamanı yayıb.

Açıqlamada hava çirkliliyi səviyyəsinin "narıncı"ya yüksəldiyi, toz və qum fırtınalarının sözügedən çirkliliyi artırdığı ifadə edilib. Dövlət qurumlarının və məktəblərin bir günlük bağlı olduğu bildirilib, tənəffüs və ürək xəstəlikləri olanlara zərurət olmadıqca çölə çıxmamaları tövsiyə edilib.

Havanın keyfiyyəti indeksində bir kubmetr havada hissəciklərə (PM10) görə müəyyən edilən dəyərlər aşağıdakı kimi verilmişdir: 0-50 təmiz hava (yaşıl), 51-100 orta (sarı), 101-150 həssas (narıncı), 151-200 qeyri-sağlam (qırmızı), 201-300 pis (bənövşəyi), 301-500 təhlükəli (qəhvəyi).

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə