Ərdoğan - Əsəd düşmənçiliyi: buzları kim “əridir” ?

Siyasət deyilən məhvumda “heç vaxt- heç vaxt” düsturu və prinsipi olmur. Peşəkar siyasətçi üçün real situasiyaya uyğun yol xəritəsi ən öndə gələn prinsipdir. Dövlət xadimi və siyasətçi məhfumu ona görə tam fərqlidir ki, dövlət xadimi zamanın, siyasətçi isə hər dəqiqənin hökmünə tabedir. Dünya siyasətində illərdir “düşmən” olanların, küsülü qalanların sonradan necə sıx dostluq etdiklərini yaşadığmız bu illərdə çox görmüşük. Bu proses bu gün də davam edir. Gündəmə düşən daha bir xəbər yenə diqqətləri Türkiyə və Suriya üzərinə yönəldib. 2010-cu ilə qədər sıx münasibətləri olan, amma neçə illərdir ki, qatı düşmənə çevrilən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və Suriya lideri Bəşər Əsədin kin-küdurətləri deyəsən sona yaxınlaşır. Qlobal siyasət meydanında baş verənlər Vladimir Putinin ən yaxın müttəfiqi sayılan B.Əsədin və sıx dostluq yaratdığı R.T.Ərdoğanın arasındakı gərginliyin də bu mərhələdə aradan qaldırılmasını qaçılmaz edir.

Bu proses qərbin Ukraynada Rusiyaya qarşı müharibəni və beynəlxalq diplomatiyada siyasi təzyiqi şiddətləndirdiyi bir dövrdə baş verir. Qərb sanksiyaları və hücumlarına alternativ olaraq Rusiya prezidenti öz ətrafında daha güclü sədd çəkmək, aparıcı dövlətlərlə onların da maraqlarının nəzərə alınacağı yeni ittifaq qurmaq üçün səy göstərir. Xüsuilə son bir neçə ay ərzində Kreml sahibinin Çinə və Şimali Koreyaya olan səfərləri, iqtisadi və hərbi anlaşmaların imzalanması dediklərimizi tam şəkildə sübut edir. V.Putin üçün R.T.Ərdoğan həm də ona görə önəmli tərəfdaşdır ki, NATO-nun olduqca önəmli üzvü sayılan Türkiyə dövləti on illiklər boyu Qərbin ona qarşı apardığı ikili siyasətdən bezərək üzünü region ölkələri ilə sıx əməkdaşlığa və müstəqil siyasət kursuna yönəldib.
Xüsusilə qərbdəkilərə qarşı daha aqressiv siyasət yürüdən Hazırkı Türkiyə hakimiyyəti həm də bölgədə Rusiya ilə sıx təmas halındadır. Bu, əslində Ərdoğanın qərbdəkilərə bir cavab siyasətidir. “Bizə qarşı edilənlərə biz də belə cavab veririk” düsturu!

Bəs necə oldu ki, Türkiyə prezidenti bu yaxınlarda B.Əsədlə görüşmək təşəbbüsü ilə çıxış etdi?. Əlbəttdə bu iki liderin barışması təkcə V.Putin amili ilə bağlı ola bilməz. Düşmənçiliyi bitirmək elə bu iki dövlət başçısının da maraqlarına görə baş verə bilər. Çünki Bəşər Əsəd hazırkı Türkiyə hakimiyyəti ilə, şəxsən Rəcəb Tayyip Ərdoğanla münasibətləri qaydaya salmaqla ilk növbədə uzun müddət “nəfəs almaq”, regional və beynəlxalq mövqelərini hissediləcək dərəcədə artırmaq, uzun illərdir Suriyanın daxilində ona qarşı formalaşmış silahjlı müxalifət qruplaşmasını tamamilə zəiflətmək və həttda mümkün olduqca heçə endirmək şansı qazanır. Bu məqam, B.Əsəd rejimi üçün olduqca önəmli amildir. R.T.Ərdoğan isə Suriya ilə münasibətləri yoluna qoymaqla uzun onilliklərdir qardaş ölkənin əzab çəkdiyi PKK-nın bütün dayaqlarını yaxın Şərqdə tamamilə çökdürməyə çalışır. Nəzərə alsaq ki, ABŞ-ın birbaşa dəstəyi ilə PKK-nın törəməsi olan YPG terror qruplaşması Suriya və İraqda günü bu gün də Türkiyə üçün ciddi təhdid təşkil edir, onda dediyimiz faktın rəsmi Ankara üçün nə qədər önəmli olduğu gün kimi aydınlığa çıxır. Xüsusilə ABŞ və müttəfiqlərindən tutumuş Suriya və İrana qdər hər kəs bu ərazilərdəki terror qruplaşmalarından Türkiyəyə qarşı zaman-zaman təzyiq kimi yararlanırlar. Bunları “əridib” yoxa çıxartmaq Türkiyə hakimiyyəti üçün önəmli məsələdir. Bundan başqa, Türkiyə Suriya və İraqdan çıxarılan neftin ixracı barədə öz planlarını işə salmaq barədə də düşünür. Bu fakt, rəsmi Ankaranın iqtisadi planları arasında olduqca əhəmiyyətli qisimdir.Bunun baş verib - verməyəcəyini isə zaman göstərəcək. Amma Türkiyə Prezidentinin son bəyanatı Ankara və Dəməşq arasında sıx təmasların yaranacağına ciddi işarədir. Sitat: “Münasibətlərin yenidən qurulmaması üçün heç bir səbəb yoxdur. Çünki biz Suriya xalqı ilə qardaşıq. Suriyanın daxili işlərinə qarışmaq kimi bir fikrimiz qəti yoxdur. əvvələr də cənab Bəşər Əsədlə yaxın münasibətlərimiz olub, ailəcə görüşlərimiz olub. Sabah da “olmaz” deyə bir şey yoxdur. Hər şey yenə də olar.”

Görünən odur ki, Türkiyə və Suriya liderləri arasındakı düşmənçilik son finnişə yaxınlaşır. Bunun Moskvada, yoxsa başqa bir yerdə baş verəcəyi isə hələ ki sirrdir. əsas barışıqdır, onu da zaman göstərəcək.

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə