“Dərsliklər quru statistika və xronologiyadan azad olmalıdır” - DEPUTAT FİKİR BİLDİRDİ

“Məktəb və universitetlərimizdə Azərbaycan tarixi dərsləri tədris edilir, dərsliklər və dərs vəsaitləri də yazılıb. Amma tarix dərsliklərinin yazılmasına daha ciddi münasibət bəsləmək lazımdır. Nə üçün? Riyaziyyat, Fizika, Kimya, Astronomiya elmləri demək olar ki, bütün dünyada eyni öyrədilir, dəsrliklərində çox az fərqlilik olur və mahiyyətcə eyni olurlar. Amma Azərbaycan tarixi ilk növbədə Azərbaycan millətinə və dövlətinə aiddir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Deputat bildirib ki, Azərbaycan tarixi dərsliyinin yazılmasında çox ciddi meyarlar müəyyənləşdirilməlidir: “Təbiidir ki, tarix yalnız müsbətlərdən və ya mənfilərdən ibarət deyil. Hər bir millətin tarixində bunların hər ikisi var. Amma düşünürəm ki, biz tariximizin yazılmasına yenidən baxmalıyıq.

Bir çox ölkələrdə Rəsmi Tarix və ya Hökumət Tarixi, Xalq Tarixi keçirilir. Məktəblərdə şagirdlərə rəsmi, dövlət tarixi öyrədilir. Həmçinin xalq tarixi də tədris edilən fənlər sırasında yer alır. Bunlar biri-birilə bağlıdır, amma bu tarixləri qarışdırmaq olmaz. Hesab edirəm ki, bizdə daha çox dövlətçilik tarixinin, rəsmi tarixin öyrədilməsinə xüsusi diqqət yetirmək lazımdır. Çünki millət olmasa, dövlət olmaz. Dövlət də olmasa, millətin hədəflərinə çatması mümkün olmaz. Buna görə də tariximizin yenidən yazılmasına ehtiyac var. Xüsusən cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbədən sonra tariximizə yeni baxış lazımdır. Bir millət yalnız ağlayaraq irəli gedə bilməz. Bizim dərsliklərimizdə işğal dövrü öz əksini tapmalıdır və qazandığımız qələbə daha çox göstərilməlidir.

1991-ci ildən 2021-ci ilə qədər olan tariximizdə millətimiz əsasən işğal günlərini xatırlayıb. Amma bizim tariximizə zəfər günlərini cənab Prezident gətirdi. Ağdam, Laçın, Kəlbəcər şəhər günlərinin keçirilməsi qələbənin rəmzidir və bütün dərsliklərdə öz əksini tapmalıdır. Millət tarixi öyrənir ki, harada olduğunu, hara necə gəldiyini bilsin və hara gedəcəyini müəyyənləşdirsin. Hesab edirəm ki, dərsliklərimiz quru statistika və xronologiyadan azad olmalı, dərsliklərdə tariximizin fəlsəfəsi öz əksini tapmalıdır. Tarix dərsliyini hər adam yaza bilməz, bu məsələyə xüsusilə ciddi yanaşmaq lazımdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə