XV Bakı Beynəlxalq Film Festivalının açılışı olub

Oktyabrın 5-də Nizami Kino Mərkəzində XV Bakı Beynəlxalq Film Festivalının açılışı olub. Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə keçirilən “Baku Cinema Breeze” (BCB) film festivalının bir hissəsidir. Bu böyük tədbirdə DokuBaku Beynəlxalq Sənədli Filmləri Festivalı, ANIMAFILM Beynəlxalq Animasiya Festivalı, ATA Türk dünyası Beynəlxalq Animasiya Filmləri Festivalı kimi tanınmış festivallar da iştirak edir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin rəsmiləri, Azərbaycanda akkreditasiya olunmuş diplomatlar, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Festivalın direktoru Fehruz Şəmiyev bildirib ki, bu il festival 15 illiyini qeyd edir. Bu illər ərzində festival çox istedadlı insanları böyük auditoriyaya tanıdıb. 15 ildir əzmlə yoluna davam edən festival hər il kinematoqrafçıları bir araya gətirir və növbəti illərdə auditoriyasını daha da genişləndirməyi hədəfləyir.

Azərbaycan Respublikası Kino Agentliyinin direktoru vəzifəsini icra edən, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu bildirib: “Kinematoqrafiyanın inkişafına təkan verən hər bir festivalı alqışlayırıq. Çox şadıq ki, belə uğurlu layihələrdən biri də 15 illik böyük yol qət etmiş bugünkü festivaldır. Bu festivalın ənənəvi olaraq keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirəm”.

O əlavə edib ki, Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən 2004-cü ildə təsis edilən festival əvvəlki illərdə “START” adı ilə fəaliyyət göstərib. Ölkəmizin ən uzunömürlü festivalı olan Bakı Beynəlxalq Film Festivalı bu illər ərzində həm də Kann, Venesiya, Berlin Film festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmlərin nümayiş məkanına çevrilib.

Sonra festivalın əsas mükafatı “Qızıl Nar” Xalq artistləri Həmidə Ömərova və Şükufə Yusupovaya təqdim olunub.

Tədbirdə festival haqqında geniş məlumat verilib.

Bildirilib ki, bu il festival çərçivəsində ümumilikdə 26 ölkəni (Almaniya, Fransa, İtaliya, Britaniya, Koreya, Çin, Hindistan, Kolumbiya, Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Moldova, Xorvatiya, İran və digərləri) əhatə edən 79 film Nizami Kino Mərkəzində beş gün müddətində nümayiş olunacaq. Festival filmlərinə giriş sərbəstdir.

Qeyd edilib ki, 15-ci yubiley açılışına bir sıra yeniliklərlə gələn festival bu ildən tammetrajlı filmlərin müsabiqəsini keçirir. Belə ki, festivalın beynəlxalq müsabiqəsində tammetrajlı bədii və qısametrajlı filmlər yarışır.

Festivalın yerli müsabiqəsinə qısametrajlı bədii, sənədli filmlər və sosial çarxlar qəbul olunub. Müsabiqə çərçivəsində tələbələr ayrıca nominasiyada yarışmaq imkanı qazanırlar. Ümumilikdə yerli müsabiqədə 25 ekran əsəri yarışır. Festivalda müsabiqədənkənar proqramlar da tamaşaçıların ixtiyarına verilir. Belə proqramlardan olan “Dili bizim”də dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin Azərbaycan dilində çəkdikləri filmlər nümayiş olunur.

Festival çərçivəsində “TRT Sinema”nın müdiri Faruk Güvənin təqdimatı, “Birgə film istehsalı” mövzusunda fikir mübadiləsi, “Kömür” filminin Azərbaycan premyerası, həmçinin ustad dərsləri, yerli və xarici film nümayişlərindən sonra müəlliflərlə müzakirələr həyata keçiriləcək.

Bakı Beynəlxalq Film Festivalının dəstəkçiləri sırasında Nizami Kino Mərkəzi, “Azərbaycanfilm” kinostudiyası, Dövlət Film Fondu, “British Council” və Azərbaycan Prodüserlər Gildiyası yer alır.

Festivalda müxtəlif nominasiyalar üzrə yarışan filmləri Azərbaycanla yanaşı, dünyada tanınmış kinorejissorlardan olan Siddiq Barmak, Mahmut Fazıl Coşkun, Can Özbatur, İsmayıl Monsef, Yevgeni Mayzel, Eldar Yoldaşev, Zümrə Ərtürk və başqaları qiymətləndirəcəklər.

Səhnəyə dəvət olunan münsiflər heyətinin üzvləri festivalın işinə uğurlar arzulayıblar.

Sonra festivala təqdim olunmuş filmlərdən fraqmentlər göstərilib.

Açılış günündə iki film nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə